İDMAN
Cavad Ağayev: “Buenos-Ayres 2018”də ölkəmizə növbəti medalı qazandırdığım üçün çox xoşbəxtəm
Bakı, 10 oktyabr, AZƏRTAC
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan taekvondoçularının çıxışları başa çatıb. Ölkəmizi bu idman növü üzrə iki atlet – Minayə Əkbərova (44 kq) və Cavad Ağayev (63 kq) təmsil ediblər.
AZƏRTAC xəbər verir ki, qadın taekvondoçumuz yarışları mükafatsız başa vurub. Lakin Cavad Ağayev çıxış etdiyi çəki dərəcəsində bürünc medala yiyələnib. İdmançımızın çıxışları zamanı nümayəndə heyətinin üzvləri bu mübarizədə yaxından azarkeşlik ediblər. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un baş katibinin müavini Azər Əliyev, SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə və digər şəxslər də izləyiblər.
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının taekvondo üzrə bürünc mükafatçısı Cavad Ağayev yarışlardan dərhal sonra jurnalistlərə müsahibəsində xeyli həyəcanlı olduğunu vurğulayaraq deyib: “Mübarizəyə başlayanda həddən artıq həyəcanlı idim. Çünki buna qədər rəqiblərim bir görüşdə iştirak etmişdilər. İlk görüşdə mən cənubi sudanlı Stefen Çol Atemlə qarşılaşmalı idim. Lakin o, bu mərhələdə çıxış etmədi. Buna görə də mən birbaşa yarımfinala vəsiqə əldə etdim. İranlı rəqibim Hamed Aşqari bu çəki dərəsində ən güclü idmançılardan sayılırdı. Amma onun uğurlarından çəkinmədim. Sona qədər döyüşdüm. Başa-baş mübarizədə ona bir xal fərqi ilə qalib gəldim. Bununla da özüm üçün ən azı bürünc medalı təmin etdim. Yarımfinalda qalib gəlmək üçün bütün qüvvəmi topladım. Koreyalı Ço Von Hi ilə qarşılaşmada qızıl medalı əldən verdim. Buna baxmayaraq, ölkəmizə növbəti medalı qazandırdığım üçün çox xoşbəxtəm. Fürsətdən istifadə edib, məni yarışda dəstəkləyən nümayəndə heyətinə və azarkeşlərə təşəkkürümü bildirirəm”.