SİYASƏT


Cavad Zərif: İran Azərbaycanın təhlükəsizlik və inkişafını özünün təhlükəsizliyi və inkişafı hesab edir

Tehran, 9 mart, AZƏRTAC 

İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə İran xarici işlər naziri Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə tərəflər ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər, eləcə də turizm və mədəniyyət sahələrində əlaqələrin inkişafı, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən UNESCO çərçivəsində əməkdaşlığın genişləndirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər Azərbaycanın cari ildə Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının zirvə görüşünə ev sahibliyi edəcəyini nəzərə alaraq, zirvə görüşündən əvvəl keçiriləcək xarici işlər nazirlərinin görüşünü müzakirə ediblər.

Nazir Elmar Məmmədyarov bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb, bu xüsusda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli məsələsini qeyd edib və qarşı tərəfə danışıqlar prosesinin hazırkı vəziyyəti barədə məlumat verib. Bölgədə sülh, təhlükəsizlik, dayanıqlı inkişaf və rifaha nail olmaq üçün münaqişənin həllinin vacib olduğu vurğulanıb.

İran naziri Cavad Zərif Azərbaycanın təhlükəsizlik və inkişafını özünün təhlükəsizliyi və inkişafı bildiyini söyləyib. İran tərəfinin Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğuladı. İkitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün müzakirə obyekti olan layihələrin sürətləndirilməsinin vacib olduğunu qeyd edib.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərin İranın rəsmi mövqeyi olduğu bildirilib. Nazir Cavad Zərif ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında həll edilməsinə tərəfdar olduğunu vurğulayıb.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.