SİYASƏT
Cavid Osmanov: Dövlətimizin başçısı Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla yanaşı, Ermənistana da növbəti mesajını verdi
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycan yenidən ən yüksək səviyyədə təşkil edilən müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Son illərin siyasi gündəliyinə baxdıqda görürük ki, dünyada yaranan müasir çağırışlar, ortaya çıxan problemlər ilk olaraq Azərbaycanın təşəbbüs və iştirakı ilə müzakirə olunur, həlli üçün qərarlar qəbul edilir. “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu da bu baxımdan çox mühüm əhəmiyyətə malikdir.
Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxışında aparılan müzakirələr və fikir mübadilələrinin dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcəyini qeyd etdi. Dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirərək bildirdi ki, Mərkəz artıq qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran nüfuzlu platformaya çevrilib. Bir çox mühüm məqamlara diqqət çəkən Prezidentimiz Azərbaycan həqiqətlərini növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla yanaşı, Ermənistana növbəti mesajını verdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.
Azərbaycanın hər zaman sülh və təhlükəsizliyin bərqərar olmasında maraqlı ölkə olduğunu bildirən C.Osmanov hazırda təhlükəsizliyin beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrildiyini diqqətə çatdırıb: “Avropadakı cari vəziyyətlə əlaqədar açıq müzakirələrin aparılması tələb olunur və bu kontekstdə Qlobal Bakı Forumu mükəmməl platforma qismində çıxış edir.
Müasir dünyada baş verən geosiyasi proseslər fonunda bütün ölkələrdə vəziyyət qeyri-sabitdir. Müxtəlif çağırışlar meydana çıxır ki, bütün bunların da həlli müzakirələrdən keçir. Hazırda dünyada böhran qaçılmazdır. Böhranla mübarizədə aparıcı beynəlxalq institutların, habelə aparıcı maliyyə institutlarının rolu müəyyən olunmalıdır. Beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar. Ziddiyyətli proseslər fonunda enerji bazarlarındakı vəziyyəti proqnozlaşdırmaq da çətindir. Mövcud vəziyyət istehsalçılar və istehlakçılar arasında qeyri-bərabərsizliyə yol açır və risk yaradır”.
Deputat qeyd edib ki, IX Qlobal Bakı Forumunda çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Ölkə başçısı vurğuladı ki, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələn müharibədə Azərbaycan qalib gəldi və bu müharibə labüd idi. Eyni zamanda, Azərbaycanın apardığı müharibə ədalətli müharibə idi. Çünki Ermənistan otuz ilə yaxın bir müddətdə Azərbaycan torpaqlarını işğalda saxlamış və həmin ərazilərdə misilsiz vandalizm aktları törədib. Azərbaycanın apardığı düzgün siyasət nəticəsində Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanındı. Müharibə bitdikdən sonra isə hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini əyani formada gördü. Ermənistanın işğalçılıq siyasəti nəticəsində 30 il ərzində Cənubi Qafqaz parçalanmışdır. Azərbaycan sülh və əməkdaşlıq tərəfdarıdır və artıq sülh, əməkdaşlıq yaratmaq vaxtıdır.
“Azərbaycan regionda sabitlik və inkişaf naminə sülhün bərqərar olmasında maraqlıdır və bunun üçün çalışır. Təbii ki, atılan addımlar qarşılıqlı olmalıdır. Gələcəkdə qarşılıqlı olaraq hər hansı ərazi iddialarına son qoyulmalıdır. Azərbaycan bu istiqamətdə əməli addımlar atır, belə ki, artıq sərhədin delimitasiyası ilə bağlı ölkəmiz komissiya yaradıb. Azərbaycan eyni addımı Ermənistandan da gözləyir. Azərbaycan sülh razılaşması üzərində çalışmağa başlamağı təklif edir. Azərbaycan hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazi iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini irəli sürüb.
IX Qlobal Bakı Forumunda Azərbaycan Prezidentinin çıxışında digər mesajlardan biri ATƏT-dən mandat almış Minsk qrupu ilə bağlı idi. Dövlətimizin başçısı bildirdi ki, Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etməyib. Odur ki, Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Münaqişə həll olunduğu üçün Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri də öz həllini tapıb. Azərbaycan Qarabağ münaqişəsini özü həll edib və buna görə də Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Minsk qrupu öz funksiyasını itirib. İndi Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünür və sülh müqaviləsi imzalamaqda maraqlıdır”, - deyə C.Osmanov vurğulayıb.
Deputat bildirib ki, dövlətimizin başçısı Ermənistanın üçtərəfli Bəyanata əməl etməli olduğunu qeyd edərək Zəngəzur dəhlizinin açılmasını regionda sülhün və təhlükəsizliyini təmin olunmasında fundamental elementlərindən biri kimi səciyyələndirdi. Qeyd olundu ki, münasibətlərin normallaşmasında maraqlı olan Azərbaycanda bütün millətlərin nümayəndələri, o cümlədən illər boyu Azərbaycanda yaşayan ermənilər bərabər hüquqa malikdirlər.
“IX Qlobal Bakı Forumunda Azərbaycan Prezidenti Ermənistan və müəyyən dairələrə dırnaqarası statusla bağlı növbəti dəfə xəbərdarlıq edərək bildirdi ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil. Bir vaxtlar əsassız şəkildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayəti isə Azərbaycan Parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Deməli, tarixi nöqteyi-nəzərdən Azərbaycanın bunu etməyə hüququ var”, - deyə Cavid Osmanov bildirib.