CƏMİYYƏT


Cavid Osmanov: Şəhidlərimizin canı-qanı bahasına azad edilən torpaqlarımıza həyat yenidən qayıdır

Bakı, 29 sentyabr, AZƏRTAC

44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifəsidir. Azərbaycan xalqı bütün gücünü səfərbər edərək “Dəmir yumruq” kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu və ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bir sözlə, xalq-dövlət-ordu birliyi Zəfərimiz şərtləndirdi. Düşmənlə döyüş meydanında igid oğullarımız canlarını fəda etdilər, şəhidlik zirvəsinə ucaldılar. Biz şəhidlərimizi ehtiramla anırıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncama əsasən Vətən müharibəsinin başladığı gün – 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd olunur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib.

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Anım Günündə Füzuli rayonuna səfər etmələri və Qaraxanbəyli kəndi ərazisində şəhidlərimizi anmaları qəhrəman Vətən övladlarının əziz xatirələrinə ölkə rəhbərliyi tərəfindən olan böyük ehtiramdan irəli gəlir. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilib. Düşmənin bu ərazidə bir neçə xətdən ibarət sədləri var idi və Azərbaycan Ordusu həmin sədləri qısa zamanda keçərək torpaqlarımızı azad etməyə başlayıb. Məhz həmin ərazidə, Qaraxanbəyli kəndinin yaxınlığında şəhidlərimizin şərəfinə qaya parçasından abidə ucaldılıb. Abidə önündə çıxış edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman olduğu kimi bu dəfə də öz çıxışında bildirdi ki, döyüş meydanında qisasımızı aldıq və şəhidlərimizin qanı yerdə qalmadı. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.

Milli həmrəyliyin Azərbaycan xalqının təbii güc mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı xalqımızın 44 günlük Vətən müharibəsində birlik və iradə nümayiş etdirdiyinə diqqət çəkdi”, - deyə C.Osmanov qeyd edib.

Deputat vurğulayıb ki, xalqımız öz qəhrəman övladları ilə fəxr edir. Məhz şəhidlərimizin canı-qanı bahasına azad edilən torpaqlarımıza artıq həyat yenidən qayıdır. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində azad edilmiş torpaqlarda bu gün dövlətimiz şəhərlərimizi, kəndlərimizi bərpa edir, sürətli quruculuq işləri həyata keçirilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu dayanmadan, durmadan, usanmadan 44 gün ərzində hər gün irəliyə, Zəfərə doğru gedirdi. Ordumuz bir gün belə dayanmadı, geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər qazandı. Rəşadətli Ordumuz 44 gün ərzində 300-ə yaxın şəhər və kəndi düşməndən azad etdi. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur oldu.

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu tarixi hadisənin şahidləri və iştirakçıları olduğumuz üçün xoşbəxtik. Bizdən sonra gələn nəsillər isə həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Bu gün də hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır. Xalqımız döyüş meydanında öz haqqını bərpa etdi, düşməni məğlub etdi və bundan sonra müzəffər xalq kimi əbədi yaşayacaqdır.

Azərbaycan xalqı bir daha düşmənə baş qaldırmağa və ölkəmiz üçün təhdid yaratmağa imkan verməyəcək. Ölkəmiz artan gücü, o cümlədən hərbi gücü sayəsində müstəqilliyimizi, rahat həyatımızı təmin edəcək və bütün təhdidlərin qarşısı alınacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.