SİYASƏT
Cəbhə bölgəsində təbliğat-təşviqat işləri əməliyyat şəraitinə uyğun həyata keçirilir VİDEO
Bakı, 3 oktyabr, AZƏRTAC
Sentyabrın 27-də ağır döyüşlərin başladığı ilk gündən cəbhə bölgəsində təbliğat-təşviqat işləri də əməliyyat şəraitinə uyğun təşkil edilərək həyata keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ordumuzun qazandığı uğurların, döyüşçülərimizin rəşadətinin ictimaiyyət arasında daha geniş təbliği, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə igidlik göstərən hərbi qulluqçuların xalqa tanıdılması sistemli şəkildə təşkil edilir və yerinə yetirilir.
Bu günlərdə Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin, “Azərbaycan Ordusu” qəzeti redaksiyasının əməkdaşları döyüş bölgəsinə ezam edilib. Cəbhəboyu zonada quraşdırılan səyyar mətbəələrdə “Sən qalib gələcəksən!”, “Qalibiyyət döyüşü” və “Böyük Qələbə uğrunda” təşviqat vərəqələri, “Azərbaycan Ordusu” qəzetinin xüsusi buraxılışları, bukletlər hazırlanaraq cəbhədə olan şəxsi heyət və cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında yayılır.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən 4 təbliğat-təşviqat qrupu yaradılıb. Həmin qruplar veteranların, ictimaiyyət nümayəndələrinin şəxsi heyət qarşısında çıxışlarını təşkil edir və konsert proqramları təqdim edirlər. Bundan əlavə, səsgücləndirici avtomobillər vasitəsilə ümummilli lider Heydər Əliyevin və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ordumuz haqqında çıxışları, hərbi vətənpərvərlik mahnıları və döyüşlər barədə operativ məlumatlar cəbhəboyu zonadakı yaşayış məntəqələrində səsləndirilir, vətənpərvərlik mövzusunda bədii və sənədli filmlər nümayiş olunur.
Bu tədbirlər döyüşən əsgər və zabitlərin mənəvi-psixoloji durumuna müsbət təsir göstərir, döyüş əzmini, qələbə ruhunu daha da artırır, mülki əhali tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanır.