CƏMİYYƏT
Cəbhə bölgəsində xidmət edən jurnalist olaraq özümü həm də hərbçi kimi hiss edirəm
Ağdam, 22 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Xəbər verildiyi kimi, Azərbaycan milli mətbuatının 140 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin sərəncamları ilə bir qrup kütləvi informasiya vasitələri nümayəndəsi orden, medal, diplom və fəxri adlarla təltif olunub.
Kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilən İctimai Televiziyanın Qarabağ bölgəsi üzrə müxbiri Şöhrət Eyvazov sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşüb: “13 ildən çoxdur ki, jurnalistikadayam. 2007-ci ildən isə İctimai Televiziyanın Qarabağ müxbiri kimi çalışıram. Təltif olunmağım haqqında xəbəri jurnalist dostumdan eşitdim. Bundan əvvəl hərbi xidmətimlə əlaqədar iki medal almışam. Jurnalist fəaliyyətimdə də müxtəlif fəxri fərmanlar və diplomlara layiq görülmüşəm. Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilməyim isə mənim üçün ən böyük mükafatdır. Bu, mənim üzərimə həm də ikiqat məsuliyyət qoyur. Özümə və bütün həmkarlarıma qələbə soraqlı xəbərlər çatdırmağı arzu edirəm”.
Şöhrət Eyvazov qeyd edib ki, cəbhə bölgəsində işləyən jurnalist özünü həm də ordumuzun bir hərbçisi kimi hiss edir və gündəlik mövzulardan fərqli olaraq hərbi xarakterli məlumatlar üçün daha çox məsuliyyət daşıyır: “Özünü Vətənin bir əsgəri kimi hiss etmək insanda hərbçi xüsusiyyətlərinin güclənməsinə gətirib çıxarır. Ona görə də, müharibə veteranı, cəbhə bölgəsində xidmət edən bir jurnalist və ehtiyatda olan kapitan kimi mediaya göstərdiyi diqqət və qayğıya görə Prezidentimizə təşəkkür edir və fəxrlə deyirəm - Azərbaycan Respublikasına xidmət edirəm”.