REGİONLAR
Cəbhə kəndində uşaqların Novruz sevinci - FOTOREPORTAJ VİDEO
Füzuli, 19 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Füzuli rayonunun təmas xəttində yerləşən Qazaxlar kəndində Novruz bayramı və baharın gəlişi münasibətilə “Kosanın sürprizi” adlı sosial layihə həyata keçirilib. Kənddə qalanan Novruz tonqalı ətrafında əsl bayram coşqusu yaşanıb.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) təşəbbüsü və təşkilatçılığı, APRA (Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası), “Ulduz” şokolad fabriki və PROAKTİV şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən layihənin məqsədi cəbhə kəndində yaşayan uşaqlara bayram sevinci yaşatmaq, Novruz adət-ənənələrini təbliğ etmək olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kosa və Keçəl şən zarafatlar edib, müxtəlif əyləncəli xalq oyunları təşkil olunub. Bahar qızı uşaqlarla birgə Novruza aid mahnılar oxuyub, şeirlər söyləyib. Şənlik zamanı uşaqlara məktəb ləvazimatları, müxtəlif oyuncaqlar və dadlı-ləzzətli “Ulduz” şokoladları hədiyyə olunub. Cəbhə xəttinin balaca sakinlərinə AZƏRTAC-ın Uşaq Bilik Portalının bukletləri də paylanılıb. Bayram şənliyi uşaqlara xoş anlar yaşadıb.
Şənliyə gələ bilməyən sağlamlıq imkanları məhdud uşaqlar da unudulmayıb. Evlərə baş çəkən Kosa, Keçəl və qonaqlar onları da sevindirib, bayram sovqatı hədiyyə ediblər.
APRA-nın idarə heyətinin sədri İlham Məmmədov, Azərbaycan Uşaq Fondu idarə heyəti sədrinin müşaviri Şahanə Sarı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının mətbuat katibi Günel Məmmədova, PreMark şirkətinin direktoru Azər Nəzərov, Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev, Pronet şirkətinin PR və Marketinq departamentinin rəhbəri Elvira Rüstəmova, Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova, Dini Qurumlar üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva və başqaları kənd sakinlərini bayram münasibətilə təbrik edib, onlara bol ruzi və əmin-amanlıq arzulayıblar.
Qeyd edək ki, Qazaxlar kəndi Füzuli rayonunun təmas xəttinə ən yaxın yerləşən yaşayış məntəqələrindəndir. 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilən kənd 1994-cü ilin yanvarında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı azad olunub. Düşmən tərəfindən dağıdılmış evlər bərpa edilib, sakinlər öz doğma yurdlarına dönüblər. 2016-cı ilin aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi ilə kəndin təhlükəsizliyi daha da möhkəmlənib.