SİYASƏT
Cəbhə xəttində vəziyyətin gərginləşməsi işğalçı Ermənistanın yeni təcavüzkar siyasətinin təzahürüdür
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də cəbhə xəttində vəziyyətin gərginləşməsi işğalçı Ermənistanın yeni təcavüzkar siyasətinin təzahürüdür. Bu təcavüzkar siyasət münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin pozulması, status-kvonun qorunması, yeni təxribatların törədilməsi, Ermənistandakı sosial-iqtisadi və siyasi böhranın gizlədilməsi məqsədinə xidmət edir. İşğalçı Ermənistanın hərbi birləşmələri Azərbaycana qarşı hücuma keçib, yeni ərazilərimizi işğal etmək məqsədilə yaşayış məntəqələrini və dinc əhalini hədəfə alıb. Bir neçə gündür ki, cəbhədə ağır döyüşlər davam edir. Güclü Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq onu geri oturdub, əks-hücum nəticəsində bir sıra yaşayış məntəqələrini və strateji yüksəklikləri işğaldan azad edib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva səsləndirib.
Sevinc Fətəliyeva bildirib ki, cəbhə boyunca baş verən hadisələrə görə bilavasitə Ermənistan hakimiyyəti məsuliyyət daşıyır. İşğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi bir müddətdir ki, ölkəmizə qarşı təxribatlar həyata keçirir və bu məkrli addımından imtina etmək fikrində deyil. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində çıxışı zamanı Paşinyan hakimiyyətinin iç üzünü bir daha ifşa etdi, Ermənistanın Azərbaycana qarşı yeni müharibə və təxribatlar hazırladığını dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Deputat, həmçinin deyib: “Dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı ardıcıl olaraq apardığı təxribatların əsas səbəblərini də iclas iştirakçılarının diqqətinə çatdırdı. İyul ayında ermənilər Tovuz istiqamətində təxribat törətdi. Erməni silahlı qüvvələri sərhəd boyunca mülki əhalini qəsdən hədəfə aldı. Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxs öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu. Lakin ermənilər bu dəfə də şanlı ordumuz tərəfindən layiqincə yerinə oturduldu. Ancaq təkcə Tovuz hadisələri deyil, işğal olunmuş ərazilərdə “prezident seçkiləri”, “parlament seçkiləri”, “andiçmə mərasimi” keçirməsi və digər faktlar Ermənistanın ölkəmizə qarşı təxribatlarının göstəriciləridir. Bunun ardınca isə erməni tərəfi sentyabrın 27-də növbəti dəfə təxribat törədərək ərazilərimizi ağır silahlardan atəşə tutdu. Beynəlxalq təşkilatların və dövlətlərin işğalçıların bu təxribatlarına susqunluğu fonunda Azərbaycan Ordusu öz sözünü deyir, düşmənə sarsıdıcı zərbə endirilir. Prezident, Ali Baş Komandan İlham Əliyev sentyabrın 27-də Azərbaycan xalqına müraciətində və Təhlükəsizlik Şurasının iclasında bir daha bəyan etdi ki, bizim işimiz haqq işidir, biz torpaqlarımızın işğaldan azad olunmasını istəyirik”.
Hazırda cəbhədə ordumuz tərəfindən uğurlu əməliyyatların davam etdiyini, bir sıra ərazilərimizin və strateji yüksəkliklərin işğaldan azad edildiyini deyən deputat qeyd edib: “Ordumuzun rəşadəti xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Hər kəs əlinə silah alıb torpaqlarımız uğrunda döyüşə getməyə hazırdır. Beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdiyi sənədlər 30 ilə yaxındır ki, kağız üzərində qalıb. Belə bir halda, şanlı Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad olunması təbii qanunauyğunluqdur”.