REGİONLAR
Cəbhə xəttində yerləşən kənddə yeni məktəb binası istifadəyə verilib VİDEO
Ağdam, 26 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun cəbhə xəttində yerləşən Əfətli kəndində 360 şagird yerlik yeni orta məktəb binası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər, məktəbin kollektivini və kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən, dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğıdan danışıblar. Bildirilib ki, bu il cəbhə xəttində yerləşən Əfətli ərazi nümayəndəliyində 3 yeni məktəbin tikilib istifadəyə verilməsi dövlətimizin təhsilə, cəbhə xəttində yerləşən kəndlərimizə olan qayğısının bariz nümunəsidir.
Natiqlər şagirdlərə onlar üçün yaradılan şərait müqabilində yaxşı oxumağı, elmə, biliyə daha dərindən yiyələnməyi tövsiyə ediblər.
Tədbirdə söz alan müəllim, şagird və kənd ictimaiyyətinin nümayəndələri göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olublar. Üçmərtəbəli məktəb binasında 18 sinif otağı, fənn kabinələri, 3 laboratoriya, 2 kompyuter otağı, kitabxana, idman və akt zalları yaradılıb, təhsil ocağı yeni inventar və avadanlıqla təchiz olunub.