ORDU
Cəbhəboyu zonada yerləşən daha bir yeni hərbi hissə istifadəyə verilib
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, yeni tikilən növbəti hərbi hissənin açılışı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən hərbi şəhərciyin ərazisindəki qərargah, əsgər yataqxanaları, yeməkxana, qazanxana-camaşırxana kompleksi, ərzaq anbarı, tibb məntəqəsi, sıra meydanı və digər obyektlər ilə tanış olub.
Şəxsi heyət qarşısında çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov bir neçə gün əvvəl Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbçilər üçün əhəmiyyətli olan iki mühüm obyektin açılışında iştirak etdiyini bildirib. Nazir bütün bunların Ali Baş Komandanın Silahlı Qüvvələrdə həyata keçirdiyi islahatların bariz nümunəsi olduğunu deyib.
Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.
Sonra hərbi hissədə çalışan mülki işçilərlə görüş keçirilib, şəxsi heyətin təminatı ilə bağlı müvafiq göstəriş və tövsiyələr verilib.