SİYASƏT
Cəbhədə ciddi məğlubiyyətlə üzləşən Ermənistanın Qərbdən dəstək almaq cəhdləri də nəticəsiz qalıb
Bakı, 19 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC
Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfərlər, torpaqlarımızın işğaldan sürətlə azad edilməsi işğalçı Ermənistanı küncə sıxışdırıb. Ordumuzun uğurları diplomatik və siyasi müstəvidə də tamamlanmaqla ədalətin və beynəlxalq hüququn təmin edilməsini reallaşdırır. Hibrid müharibənin bütün seqmentləri üzrə uduzan işğalçı ölkə özünə nə hərbi, nə də diplomatik müstəvidə ciddi dəstək tapa bilmədiyi üçün yalnız terrorçular və faşist düşüncəli qruplaşmalarla əməkdaşlıq edə bilir. Çünki Ermənistanda faşizm və terrorizm rəsmi dövlət siyasətidir. Uzun illərdir ki, rəsmi İrəvan dünyanın hər yerində olan terrorçularla əməkdaşlıq edir, terrorçuları işğal etdiyi Azərbaycan torpaqlarına gətirərək onlara təlim keçir. Eyni zamanda, Ermənistan onlardan muzdlu döyüşçü kimi dinc əhaliyə qarşı istifadə edir, İrəvanın mərkəzində faşist cəlladı Qaregin Njdeyə heykəl qoyur. Faşizmə rəğbəti və faşizmin təbliğini dövlət siyasəti səviyyəsinə qaldırır, dünyadakı faşizm tərəfdarları ilə sıx əməkdaşlıq edir. Elə faşizmə rəğbət bəsləyən “Almaniya üçün alternativ” partiyasının nümayəndələrini işğal olunmuş Qarabağa dəvət etməsi də bu ölkənin faşist xislətinin göstəricisidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat deyib ki, bu günlərdə cinayətkar hərbi xunta rejimi Bundestaqda təmsil olunan nasist “Almaniya üçün alternativ” Partiyasının 3 üzvünü - Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalaonu Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə dəvət edib. Almaniyada olduqca mənfi imicə sahib olan bu partiyanın əsas məqsədi ölkəni “islamlaşmaqdan xilas etmək”, miqrantları sıxışdıraraq buradan qovmaq, onlara qarşı diskriminasiya siyasəti yürütməkdən ibarətdir. Elə nasizmə xidmət edən Ermənistan da eyni siyasəti həyata keçirərək, monoetnik dövlət qurub. Hazırda ermənilərlə əməkdaşlıq edən neonasistlər də Almaniyada irqçi, islamofob, antisemit və ksenofob tendensiyaları ilə tanınır, neonasist təşkilatları ilə fəal şəkildə əməkdaşlıq edir. Qeyd olunmalıdır ki, bu partiyanın nümayəndələri demokratik cəmiyyətlərdə arzuolunmaz şəxslər hesab edilirlər. Ermənilər faşist Qaregin Njde ilə fəxr etdikləri kimi, bu partiyanın həmsədrlərindən biri olan Aleksandr Qauland da alman əsgərlərinin İkinci Dünya müharibəsində göstərdikləri “qəhrəmanlıqlar”la fəxr edir.
Hikmət Babaoğlu bildirib ki, hazırda terrorçu Paşinyan və onun nasist komandası Sorosla bağlı olsalar da, Avropadan istədikləri dəstəyi ala bilmir. Halbuki, demokrat dərisinə bürünmüş bu yırtıcılar özlərini Avropaya əsl demokrat kimi sırımağa çalışırdılar. Ancaq Azərbaycan diplomatik cəbhədə çox uğurlu siyasət apararaq onların iç üzünü, işğalçı və irqçi olmalarını bütün dünyaya tanıtdı.
Deputat vurğulayıb ki, Avropa İttifaqının (Aİ) Gəncə hadisələri ilə bağlı bəyanatı da Ermənistanın Qərbdən dəstək ümidini puç etdi. Gəncə terroru ilə bağlı rəy bildirən Avropa İttifaqı mülki insanların tələfatı və dinc sakinlərin yaralanması ilə nəticələnən Gəncə hadisələrinə dair “hər hansı bir tərəf mülki insanları və mülki obyektləri hədəf almasını dayandırmalıdır” bəyanatı verdi. Aİ-nin bu bəyanatı işğalçı ölkədə isterika ilə qarşılandı. Bütün cəbhələr üzrə məğlub olan düşmən hazırda yeganə nicat yolunu terrorçularla ittifaqda görür. Ermənistan və işğal olunmuş ərazilərdə qurulmuş separatçı rejim nasist-faşist ideologiyasının daşıyıcıları və terrorçular ilə tərəfdaş olur. Bir tərəfdən, Suriya və Livandan kürd terror dəstələrinin üzvlərini muzdlu kimi bölgəyə gətirir, digər tərəfdən isə Avropada neonasist ideologiyasının daşıyıcılarının dəstəyinə ümid bağlayır. Ancaq bunların heç biri işğalçı və terrorçu Ermənistanı xilas edə bilməyəcək. Azərbaycan ən qısa zamanda öz haqlı mübarizəsindən qalib çıxacaq.