CƏMİYYƏT


Cəbhəyanı ərazilərdə UNICEF və BAMF-ın birgə layihəsinin – AYAP gənclər proqramının monitorinqi olub

Bakı, 12 iyul, AZƏRTAC

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev cəbhəyanı ərazilərdə - Tərtər, Bərdə və Goranboy rayonlarında olublar. Səfərin məqsədi UNICEF və BAMF-ın birgə layihəsinin - AYAP gənclər proqramının monitorinqi olub. Səfərdə Azərbaycanın cəbhəyanı ərazilərində yaşayan gənclərin həyatı barədə öyrənməyə maraq göstərən Zimbabve və Mozambikdən olan xarici tələbələr də iştirak ediblər. Bu barədə AZƏRTAC-a BAMF-dan məlumat verilib.

Qonaqlar əvvəlcə Bərdə rayonunda olublar. Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev Bərdədə uşaqlar və gənclərlə bağlı layihələrin həyata keçirilməsində UNICEF və BAMF-ın fəaliyyətinin əhəmiyyətini qeyd edib.

Edvard Karvardin Azərbaycanın rayonlarında gənclərin inkişafında bir çox insanların, eləcə də gənclərin özlərinin maraqlı olmasını müşahidə etməkdən məmnun olduğunu bildirib. Onun sözlərinə görə, qərarların qəbul edilməsində gənclərin iştirakı və onların fikirlərinin nəzərə alınması çox vacibdir.

Səfər çərçivəsində bu təşəbbüslə bağlı təəssüratlarını bölüşən AYAP-ın gənclər proqramının əvvəlki və indiki üzvləri ilə görüş keçirilib.

Tərtər rayonuna səfər zamanı əvvəlcə icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüş olub. Sonra monitorinq qrupu uşaqlarla görüşmək üçün Gənclər və İdman Mərkəzində yerləşən 3D kinoteatrına gediblər. Həmin kinoteatrın açılışı bu yaxınlarda AYAP çərçivəsində həyata keçirilib.

Edvard Karvardin rayonun uşaqları ilə söhbət edib.

Goranboy rayonuna səfər zamanı AYAP fəaliyyətinin bir hissəsi kimi Səfikürd kəndində idman stadionunun açılışı olub. Açılış Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə və “İdman hər kəs üçün” gənclər idman festivalına həsr edilib.

Rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev deyib ki, bu kimi təşəbbüslər Goranboyun digər yaşayış məntəqələrində də dəstəklənəcək.

Edvard Karvardin stadionun açılışına dəvət edilməsinin onun üçün böyük şərəf olduğunu deyib. “İdmanın üstünlüyü fərqli insanları birləşdirməsindədir. İdman qızlara, oğlanlara, əlilliyi olan gənclərə qoşulma imkanı verir. Burada Goranboy rayonunun müxtəlif kəndlərində yaşayan fərqli yaşlarda uşaqları görməyimə şadam”, - deyə o əlavə edib.

Umud Mirzəyev Azərbaycanın ən qədim kəndlərindən biri olan Səfikürdün 300 ildən çox tarixə malik olduğunu qeyd edib. O deyib ki, Azərbaycan ziyalılarının bir çox nümayəndələri, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin təsisçilərindən biri Səfikürddə doğulub.

“İdman yalnız sağlamlıq baxımından faydalı deyil. İdman ünsiyyət qabiliyyətini inkişaf etdirməyə, nizam-intizama və sağlam rəqabətə kömək edir”, - deyə o əlavə edib.

İdman strukturlarının tikintisi ideyasının müəllifi, AYAP-ın keçmiş üzvü Fuad Məmmədov cinsindən, fiziki imkanlarından və maddi vəziyyətindən asılı olmayaraq bütün gənclərin idmanla məşğul ola bilməsi üçün stadion açmaq ideyasının necə yarandığını auditoriya ilə bölüşüb.

İdman festivalı qadın və kişi komandalarının voleybol matçları, güləş, qısa və uzun məsafələrə qaçışlar ilə davam edib.

Sonra yüzdən çox uşaq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və BMT-nin davamlı inkişafının 17 məqsədinə həsr olunmuş fləşmob keçiriblər.

Sonda ən fəal iştirakçılara sertifikatlar, medallar, kuboklar və toplar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.