CƏMİYYƏT
Cəbhəyanı ərazilərdə yaşayan 1500-dən çox uşağa psixoloji yardım göstərilib
Bakı, 18 yanvar, AZƏRTAC
“ASAN Könüllüləri” Təşkilatı və BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Fövqəladə hallarda uşaq müdafiəsi” layihəsi üzrə cəbhəyanı ərazilərdə yaşayan 1500-dən çox uşağa psixoloji yardım göstərilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşən layihə silahlı münaqişə zamanı narahatlıq və qorxu keçirən uşaqlara psixoloji və psixososial dəstəyin göstərilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Layihə 44 gün davam edən Vətən müharibəsinin gedişatında cəbhə zonasında yaşayan, psixi sağlamlıqlarına risk yaranmış uşaqlara psixososial dəstək işinin gücləndirilməsi məqsədilə icra edilir.
Bu çərçivədə Gəncə şəhəri, Ağdam, Goranboy və Tərtər rayonlarının ən çox zərərçəkmiş ərazilərində yaşayan ailələrin, o cümlədən şəhid hərbçilərin və həlak olan mülki şəxslərin ailələrin övladlarında travmatik və ya stresli hadisə yaşamasından sonra müşahidə olunan simptomların kəskinliyinin qiymətləndirilməsi və psixososial reabilitasiya işinə ötən ilin noyabr ayından başlanılıb.
Təşkilatçılar tərəfindən bu layihəyə cəlb olunmuş peşəkar psixoloq və sosial işçilər üçün beynəlxalq təcrübənin tədris olunması məqsədilə xüsusi proqram, o cümlədən travma sonrası psixoloji vəziyyətin müəyyənləşdirilməsi, kədər, itki, hüznlə bağlı uşaqlarda güclü reaksiyanın riskləri ilə bağlı metodiki kurslar təşkil olunub.
Bu günə kimi layihə çərçivəsində qeyd olunan ərazilərdə yaşayan 700-dən çox ailə ilə psixososial dəstək üzrə iş görülüb, 400-ə yaxın qadına və 1500-dən çox uşağa ilkin psixoloji yardım işi təşkil olunub. Eyni zamanda, həmin fəaliyyətlər üzrə ilkin psixososial dəstək verilmiş uşaqların 40 faizinə bu ilin aprel ayınadək ehtiyacı üzrə əlavə psixoloji dəstək işlərinin həyata keçirilməsi nəzərdə tutulur.