ELM VƏ TƏHSİL
“Cəbrayıl: Qalalı məhəlləsi” kitabı nəşr olunub
Bakı, 4 iyun, AZƏRTAC
Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin əməkdaşı Qumru Şəhriyarın “Cəbrayıl: Qalalı məhəlləsi" adlı kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, nəşrdə XIX əsrin sonu - XX əsrin əvvəllərində erməni təcavüzündən yaxa qurtarmaq üçün Cəbrayıl qəzasına üz tutan şuşalılardan və onların burada qurduqları Qalalı məhəlləsindən, onların rayonun ictimai-mədəni həyatında rolundan, Cəbrayılın işğal altında olduğu illərdə keçirdikləri tədbirlərdən və ümumilikdə ziyalılarından bəhs olunur.
Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilən kitabın məsləhətçisi Azərbaycan Tibb Universitetinin professoru, Azərbaycan Psixiatrlar Assosiasiyasının prezidenti Nadir İsmayılov, redaktorları filologiya üzrə fəlsəfə doktorları, dosentlər Nailə Əskər və Nigar Həsənovadır.
Kitab Qarabağ-Şuşa-Cəbrayılın tarixini, etnoqrafiyasını, folklorunu öyrənmək istəyən folklorşünaslar, etnoqraflar üçün dəyərli mənbədir və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.