REGİONLAR
Cəbrayıl polisi on bir qəsəbədə və Cocuq Mərcanlıda sakinlərə ərzaq bağlamaları paylayıb
Cəbrayıl, 11 aprel, Mahir Babayev, AZƏRTAC
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları “Evdə qal!” aksiyası çərçivəsində xüsusi karantin rejimi qaydalarına uyğun olaraq evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə ərzaq bağlamaları paylayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı on bir qəsəbədə, həmçinin cəbhəyanı ərazidə yerləşən Cocuq Mərcanlı kəndində yaşayan yaşı 60-dan yuxarı olan insanlara, ümumilikdə, 60 ailəyə baş çəkərək onları sevindiriblər.
Polis əməkdaşları müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara öz evlərində təqdim ediblər.
Bu xeyirxah təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan insanlar aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Polis əməkdaşları, həmçinin həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb, xüsusi karantin rejimi qaydalarına riayət etmələrinin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıblar.