SİYASƏT
Cəbrayıl sakinləri Azərbaycan Prezidentinin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamını alqışlayırlar
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncam bu kəndin sakinləri ilə yanaşı, bütün cəbrayıllıların böyük sevincinə səbəb olub.
Cəbrayıl sakinləri AZƏRTAC-a müsahibələrində Prezident İlham Əliyevin bu Sərəncamını alqışladıqlarını, doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildirir, dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edirlər.
Əkbər Məhərrəmov: Bu Sərəncam bizi çox sevindirdi. Biz bunu işğal altındakı torpaqlarımıza böyük qayıdışın başlanğıcı hesab edirik. İnanırıq ki, işğal olunmuş bütün torpaqlarımız tezliklə azad ediləcək və həmin ərazilərimiz də belə bərpa olunacaq.
Bayram Təhməzov: Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamı tarixi qərardır. Bir daha əmin olduq ki, bizim güclü dövlətimiz, güclü ordumuz, güclü Prezidentimiz var. Aprel döyüşləri bunu ermənilərə də sübut etdi. Biz cəbrayıllılar hər zaman Prezidentimizin siyasətini dəstəkləyirik.
Rauf Musayev: Prezident İlham Əliyevin bu Sərəncamı bizdə böyük ümid və ruh yüksəkliyi yaratdı. Torpaqlarımızın işğaldan azad ediləcəyi və bütün məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıdacaqları günün uzaqda olmaması ilə bağlı inamımız daha da möhkəmləndi.
Dilqəm Əmiraslanov: Uğurlu aprel döyüşləri nəticəsində Lələtəpə yüksəkliyinin ələ keçirilməsi bizdə belə bir inam yaratmışdı ki, artıq Cəbrayıla qayıtmaq ərəfəsindəyik. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndində evlərin tikintisi və infrastrukturun yaradılması ilə bağlı verdiyi Sərəncam bu inamımızı doğrultdu. Bu gün sevincimizin həddi-hüdudu yoxdur.
Nüsrət Hünbətalıyev: Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam bütün xalqımızda böyük qürur hissi yaratdı. Biz dövlətimizin başçısına inanırıq. Əminik ki, Lələtəpədə dalğalanan bayrağımız, inşallah, tezliklə Laçında, Şuşada, Xocalıda, Xankəndidə və işğal edilmiş digər torpaqlarımızda dalğalanacaq.