İQTİSADİYYAT


Cəbrayılda inşa ediləcək “Şəfəq” günəş elektrik stansiyasının 2024-cü ildə istismara verilməsi planlaşdırılır

Cəbrayılda inşa ediləcək “Şəfəq” günəş elektrik stansiyasının 2024-cü ildə istismara verilməsi planlaşdırılır

Bakı, 20 oktyabr, AZƏRTAC

BP şirkəti ilə Cəbrayılda illik, təxminən, 500 milyon kilovat-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılan 240 meqavat gücündə “Şəfəq” günəş elektrik stansiyasının inşası üzrə danışıqlar gedir.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, “Şəfəq” günəş elektrik stansiyası layihəsinin mühəndislik, dizayn və maliyyə məsələlərinin bu ilin sonuna qədər yekunlaşdırılması, stansiyanın 2023-cü ildə inşasına başlanması, 2024-cü ildə isə istismara verilməsi gözlənilir. Bu layihədə elektrik enerjisinin virtual transferini nəzərdə tutan biznes modelinin tətbiqi planlaşdırılır.

Nazir bildirib ki, bu model elektrik enerjisinin istehsalı və istehlakı üzrə “Şəfəq Layihəsi” və Səngəçal terminalı arasında bütün tərəflər üçün mənfəətli, eyni zamanda, dekarbonizasiyaya töhfə verəcək mexanizmi özündə əks etdirir. Başqa sözlə, Qarabağda istehsal ediləcək “yaşıl enerji” Abşerona ötürüləcək, nəticədə Səngəçalda elektrik enerjisi üçün istifadə edilən təbii qaza qənaət ediləcək. Bərpa olunan enerji növlərinin Azərbaycanda xarici investisiya hesabına inkişafı artıq reallıqdır. 710 meqavatlıq bu layihələrdən əlavə bu il xarici investor “Masdar” şirkəti ilə quruda və dənizdə ilkin mərhələdə 4 heqavat gücündə, növbəti mərhələdə isə 6 heqavat gücündə günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi ilə bağlı tarixi razılaşmalar əldə edilib. 10 giqavatlıq bu bərpa olunan enerji istehsal gücləri nəinki miqyasına, həm də on milyardlarla dollar “yaşıl” investisiya vəd etdiyinə görə regionda bir ilkdir. Həmçinin bu layihələrin əvvəlcə 2 heqavatı, daha sonra 4 heqavatı Xəzər dənizinin külək enerjisi potensialından elektrik enerjisi və hidrogenin istehsalını nəzərdə tutur ki, bu da Azərbaycanda ilk belə yenilikdir. Belə meqa layihələr Azərbaycan Prezidentinin “yaşıl” enerji kursuna qısa müddətdə beynəlxalq marağın göstəricisi, ölkəmizin investorlar üçün cəlbediciliyinin nümayişi, enerji sistemimizə böyük töhfədir. Bu meqa güclərin yaradılması Azərbaycanın enerji sisteminin bərpa olunan enerjiyə transformasiyası, “yaşıl enerji” üzrə hədəflərini yeniləməsi, eləcə də bu enerji növü üzrə ixracatçıya çevrilməsi üçün həlledici əhəmiyyət daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.