REGİONLAR


Cəbrayıldan başlanan Zəfər yolumuz

Cəbrayıl, 4 oktyabr, A.Yavərzadə, AZƏRTAC

4 oktyabr 2020-ci il. 1993-cü il avqustun 23-dən başlanan və 27 ildən artıq davam edən yurd həsrətimizin bitdiyi möhtəşəm bir gün. Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin Cəbrayıl şəhərinin və bir neçə kəndimizin işğaldan azad olunması xəbərini bütün cəbrayıllılar böyük sevinc və coşqu ilə qarşıladılar. Bu, yalnız cəbrayıllıların deyil, bu gün bir yumruq, bir qəlb olan xalqımızın şadlıq, şadyanalıq hayqırtısıydı.

Cəbrayıl rayon sakini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Xudafərin” qəzetinin baş redaktor müavini, qabaqcıl təhsil işçisi Hidayət Səfərli iki il öncə yaşadığı və indi də davam edən sevinc hisslərini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüb:

Prezidentimiz illər öncə dəfələrlə qeyd edirdi ki, Qarabağa Böyük Qayıdış Cocuq Mərcanlıdan başlanır. Bu gün böyük fəxarətlə qeyd etmək istəyirəm ki, Qarabağda aparılan Vətən müharibəsinin ilk böyük Zəfər müjdəsini də Cəbrayıl torpağından aldıq. Əldə olunan bu böyük Zəfərə addım-addım, həm də əzmlə, qətiyyətlə irəliləyən Ali Baş Komandanımıza, müzəffər ordumuza təşəkkür edir, şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Qələbəmiz ölkə rəhbərliyi ilə ordu və xalqın birliyindən keçdi. Bu birlik isə daimi və sarsılmazdır.

Ali Baş Komandanımızın xalqa müraciətində dediyi bu sözlər illərdir qəlbimizdə yara bağlamış bir ağrıya, bir nisgilə məlhəm oldu, yurd vüsalı ilə yanıb qovrulan ürəyimizə su çilədi, bizləri məcburi köçkün adının yükündən qurtardı: “Cəbrayıl rayonunun böyük hissəsi işğaldan azad olunub. Uzun müddətdən sonra Cəbrayıl şəhəri işğaldan azad olundu. Cəbrayıl bizimdir...” İşğaldan azad olunmuş kəndlərimiz sırasına Böyük Mərcanlı və Nüzgar kəndlərindən sonra Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl... kəndlərinin də adları əlavə olundu. Kəndlərimizin adlarını qeyd edərkən üç nöqtədən istifadə etdim. Bu da təsadüfü deyil. Şanlı Ordumuz çox sürətlə torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu siyahıya oktyabrın 20-də mənim də doğulduğum, boya-başa çatdığım, uzun illər həsrətində olduğum Daş Veysəlli kəndinin də adı yazıldı...

İndi hər birimizin ürəyi qurub-yaratmaq eşqi ilə döyünür. İşğaldan azad olunmuş yurd yerlərimizdə geniş bərpa-quruculuq işləri həyata keçirilir. Hər ötən gün bizi Böyük Qayıdışa daha da yaxınlaşdırır. 200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması həm rayonumuzun, həm də bütövlükdə Şərqi Zəngəzur İqtisadi Rayonunun inkişafı yolunda mühüm hadisədir. Bu böyük layihə üçün maliyyə vəsaiti ayrılıb və artıq bu sahədə işlərə başlanılıb. Zəngəzur dəhlizindən keçəcək avtomobil yolunun böyük bir hissəsi Cəbrayıl rayonu ərazisindədir. Horadiz-Ağbənd dəmir yolunun əhəmiyyətli hissəsi də bu rayonun payına düşür.

Görülən və görüləcək işlər inam hissimizi daha da artırır ki, yaxın zamanlarda doğma yurd yerlərimizdə yaşayıb-yaratmaq arzumuz reallaşacaq. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyərək deyəcəyik:

Gedəndə cavandım, a yurdum, yuvam,

İndi hüzuruna qoca gəlmişəm.

Başım aşağıydı, dilim də gödək,

Qaldırıb başımı uca gəlmişəm.

Gəlmişəm qoxlayam gözəl ətrini,

Deyəm ki, tutmuşam əziz xətrini.

Aç başım üstünə qayğı çətrini,

Sanki ziyarətə, haca gəlmişəm.

Unutmaram heç vaxt ağrı-acımı,

İtirmişəm neçə qardaş-bacımı.

Oğullar qaytardı o yurd tacımı,

Mən şahlar şahıyam, taca gəlmişəm.

Gedəndə cavandım, a yurdum, yuvam,

İndi hüzuruna qoca gəlmişəm.

Başım aşağıydı, dilim də gödək,

Qaldırıb başımı uca gəlmişəm.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.