REGİONLAR
Cəbrayıldan olan köçkün ailəsi: Hər gün doğma yurdumuza qayıtmaq ümidi ilə yaşayırdıq, artıq o gün gəlib çatdı VİDEO
İmişli, 27 oktyabr, A.Yavər, AZƏRTAC
İyirmi yeddi il öncə doğma torpaqlarından köçkün düşən Cəbrayılın Sirik kəndinin sakinləri ata-baba yurdlarının işğaldan azad olunması xəbərini böyük sevinc hissi ilə qarşılayıblar. Belə ailələrdən biri də Məmmədovlar ailəsidir. Bütün siriklilər kimi, Məmmədovlar ailəsi də tezliklə öz kəndlərinə qayıdacağı günü səbirsizliklə gözləyirlər. Artıq o tarixə sayılı günlər qalıb.
AZƏRTAC-ın müxbiri Məmmədovlar ailəsi ilə görüşüb, onların sevincinə şərik olub.
Ailənin ağbirçəyi Mahirə Məmmədova sevinc hisslərini belə ifadə edib: “Biz 27 il əvvəl erməni faşizminə məruz qaldıq. Öz doğma kəndimizdən didərgin düşdük. Orada tikdiyimiz evdə heç bir il yaşaya bilmədik. Sonra çadırlarda qaldıq. Daha sonra dövlətimiz tərəfindən bizim üçün ev tikildi, lazımi şərait yaradıldı. Buna baxmayaraq, hər gün öz doğma yurdumuza qayıtmaq ümidi ilə yaşayırdıq, artıq o gün gəlib çatdı. Bu gördüyünüz mənim öz əllərimlə toxuduğum örtüklərdir. Hamısını böyük ümidlə saxlamışam ki, doğma kəndimizə qayıdanda bunları da aparım. Həmin gün gəlib çatdı, bu sevincli günləri bizə bəxş etdiyi üçün Ali Baş Komandanımıza və ordumuza dərin təşəkkür edirəm”.
Ailə başçısı Əkbər Rəhimov isə bildirib ki, bu illər ərzində doğma yurdlarına qayıdacağına olan inamını heç vaxt itirməyib. “Ordumuzun Aprel zəfəri bizi daha da ümidləndirmişdi. Nəhayət, Azərbaycan əsgəri o arzumuzu gerçəkləşdirdi. Hər gün cəbhədən qələbə xəbərləri gəlir. Bu xəbərləri eşitmək bizim üçün əvəzolunmaz hissdir. Həmçinin azad olunan kənd adları içərisində doğma kəndimiz Sirikin adını eşidəndə yaşadığım sevinc hissini ifadə etməyə söz tapa bilmirəm”.
Əkbər Rəhimov deyir ki, Sirik Cəbrayıla açılan qala qapasıdır. “Kəndimiz çox gözəl təbiətə və qədim tarixə malikdir. Bizim kənddə Molla Vəli Vidadinin dərs dediyi məscid olub. Kənddəki Hacıqaraman abidəsi də çox məşhur bir yerdir. İnsanlarımız həmişə zəhmətkeşliyi və işgüzarlığı ilə seçilib. Uzun illərdən sonra öz doğma torpağımıza qayıdacaq və həyatımız ən gözəl günlərini orada yaşayacağıq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Sirik kəndi şanlı ordumuzun zəfər yürüşü zamanı oktyabrın 22-də yağı düşmən tapdağından azad olunub.