MƏDƏNİYYƏT
“Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabının təqdimatı olacaq
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 4-də Milli Kitabxanada Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunmuş elmi konfrans və professor Asif Rüstəmlinin “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabının təqdimatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına əsasən ölkəmizdə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan böyük ədibə həsr edilmiş silsilə tədbirlər keçirilir.
Cəfər Cabbarlı milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, ədəbi-mədəni, ictimai mühitdə yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib. Böyük yazıçının zəngin bədii irsi müasirliyini, aktuallığını həmişə saxlayır.