MƏDƏNİYYƏT
Cəfər Cabbarlının 120 illik yubileyi ilə bağlı interaktiv plakat hazırlanıb
Bakı, 5 mart, AZƏRTAC
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanasında böyük ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyi ilə əlaqədar interaktiv plakat hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, interaktiv plakatda Cəfər Cabbarlının fotoşəkili, kitabları, onun adını daşıyan gəmi, 100 illik yubileyi ilə əlaqədar buraxılmış poçt markası, Bakı şəhərində ucaldılan heykəli və “Cəfər Cabbarlı” metro stansiyasının şəkilləri fonunda 13 interaktiv nöqtə yerləşdirilib.
Burada Cəfər Cabbarlı haqqında Azərbaycan və rus dilində məlumat, ədibin heykəli, Bakı və Xızıdakı ev-muzeyləri, bəstəkar Əfrasiyab Bədəlbəylinin ədib haqqında fikirləri, Əminə Yusifqızının ifasında C.Cabbarlının “Ana” şeiri, İradə Tuncayın “Bir içim insan Cəfər Cabbarlı” filmi, Yasamal rayon MKS-nin və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının ədib barədə hazırladığı videoçarxlar və s. yer alıb.
İnteraktiv plakat Yasamal rayon və Xızı rayon MKS-lərinin Rusiya Federasiyasının Orenburq vilayətinin Pokrovka modern kitabxanası ilə birgə beynəlxalq əməkdaşlıq çərçivəsində hazırlanıb.