ELM VƏ TƏHSİL


Cəfər Cabbarlının zəngin bədii irsi həmişə müasirliyini saxlayır

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) filologiya fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə görkəmli dramaturq, şair və nasir Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, rektor Cəfər Cəfərov ölkə rəhbərinin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 dekabr tarixli Sərəncamını xatırladıb. Rektor qeyd edib ki, Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Cəmi 35 il yaşamış Cəfər Cabbarlı zəngin və məhsuldar yaradıcılıq yolu keçib. O, həm lirik, həm də satirik şerlərin müəllifidir. Dramaturgiya onun yaradıcılığında xüsusi yer tutur. Xalqımızın teatr zövqünün formalaşmasında Cəfər Cabbarlının dramaturgiyasının böyük rolu olub. Cəfər Cabbarlı Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil dövlətin güclənməsinə dəstək verib. Buna görə təqiblərə məruz qalıb, iki dəfə həbs edilib. Böyük yazıçının zəngin bədii irsi həmişə müasirliyini, aktuallığını saxlayır.

Tədbirdə Cəfər Cabbarlı haqqında videoçarx nümayiş etdirilib.

Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Təyyar Salamoğlu “Cəfər Cabbarlının dramaturgiyası: sənətkar dünyagörüşünün ziqzaqları” mövzusunda, həmin kafedranın dosenti Təranə Turan Rəhimli isə “Cəfər Cabbarlının poeziyası və nəsri sənət həqiqətləri konteksində” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə Cəfər Cabbarlının bədii yaradıcılığı, sənətkarlıq xüsusiyyətləri geniş təhlil edilib, onun milli və bəşəri yazıçı olduğu xüsusi vurğulanıb. Dolğun və məzmunlu məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Kamran Əliyev, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli, şair-publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli və başqaları çıxış edərək yazıçının yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Yazıçının nəvəsi Qəmər Seyfəddinqızı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonda Cəfər Cabbarlının şerləri əsasında hazırlanmış bədii-musiqili kompozisiya təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.