SİYASƏT


Ceffri Van Orden: Avropa İttifaqı Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir

Bakı, 26 noyabr, AZƏRTAC

Noyabrın 26-da Milli Məclisin deputatı, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Orden ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında genişlənən əlaqələrdə parlamentlərarası əməkdaşlığın rolu xüsusi vurğulanıb.

Cavanşir Feyziyev bildirib ki, son illər ərzində Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yüksələn xətlə inkişaf edir, əlaqələrin genişləndirilməsində parlamentlərarası əməkdaşlığın xüsusi rolu var. Azərbaycan ilə Avropa İttifaqına üzv ölkələr arasında da yaxşı əlaqələrin olduğunu söyləyən C.Feyziyev diqqətə çatdırıb ki, Azərbaycan Avropa İttifaqının ən böyük ticarət tərəfdaşlarından biridir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən deputat problemin ancaq beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinin mümkün olduğunu diqqətə çatdırıb.

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Orden ölkəmizdə şahidi olduğu inkişafın onda xoş təəssürat yaratdığını vurğulayıb. “Azərbaycanda gedən inkişaf insanların rifah halının yaxşı olmasından xəbər verir. Azərbaycan həm geosiyasi mövqeyinə görə, həm də iqtisadi inkişaf səviyyəsinə görə mühüm ölkədir”,- deyə Ceffri Van Orden vurğulayıb.

Ceffri Van Orden qeyd edib ki, Avropa İttifaqı Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir. O, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin qarşılıqlı maraq əsasında uğurla inkişaf etdiyini deyib. Zəngin təbii ehtiyatlara malik Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal layihələr ölkənin tərəqqisini daha da sürətləndirir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.