“Cefri Verbokla bir gecə” adlı konsert
AzerTAg.az
Bakı, 31 mart, AZƏRTAC
“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan mədəniyyətinin və musiqisinin təbliğatı ilə bağlı geniş fəaliyyət göstərən Cefri Verbokla ilk layihə olan “Cefri Verbokla bir gecə” adlı konsert təşkil olunub.
Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konsert Cefri Verbokun həyat və yaradıcılığına həsr edilmiş xüsusi videokliplə başlayıb.
Böyük alqışlarla qarşılanan ifaçı tamaşaçıları “Salam, Bakı” ifası ilə salamlayıb və “Qarabağ Azərbaycandır!” deyərək, zala xüsusi ovqat bəxş edib. Sevilən ifaçı tar, gitara, elektrik ud və kamançada lirik kompozisiyaları ilə yanaşı, repertuarındakı “Bəstə-Nigar”, “Dilkeş”, “Çahargah”, “Şur”, “Segah” və digər dillər əzbəri olan muğam və mahnılarla tamaşaçıların qarşısına çıxıb. Konsert boyu tamaşaçılarla səmimi ünsiyyət quran Cefri Verbok hər bir ifası bitdikdən sonra, mahnı haqqında məlumat verərək, tamaşaçılarla öz təəssüratlarını bölüşüb.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umid Mirzəyev C.Verboka Fondun Mədəniyyət Elçisi mükafatını təqdim edib, xoş arzularını bildirib.
Sonda “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Xəyalə Məmmədova C.Verboku Azərbaycan mədəniyyətinin təbliğində göstərdiyi fədakarlığa görə fəxri diplomla təltif edib.
Qeyd edək ki, XX əsrin 90-cı illərindən etibarən Azərbaycanın muğamı bütün dünya dinləyicilərinin maraq dairəsində özünəməxsus yer tutub. Muğamlarımızın sorağını alan əcnəbi ölkə musiqiçiləri bu sahədə öz addımlarını atmağa başlayıblar. Onlardan biri də ABŞ vətəndaşı Cefri Verbokdur. C.Verbak Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısıdır. O, hazırda xarici ölkələrdə və vətəndaşı olduğu ABŞ-də Azərbaycan muğamının ən fəal təbliğatçısıdır. Eyni zamanda, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Multikultural Şəbəkənin fəxri səfiridir.




Xəbərin mətnində orfoqrafik səhv var