MƏDƏNİYYƏT


“Cəhənnəm sakinləri” tamaşası Şamaxıda maraqla qarşılanıb

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi “Cəhənnəm sakinləri” tamaşası ilə Şamaxıda qastrolda olub.

Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı AZƏRTAC-a bildirib ki, tamaşa Şamaxı Mədəniyyət Mərkəzində təqdim edilib.

Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.

Yeni səhnə əsərində Xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev və Xədicə Novruzlu iştirak edib.

Tamaşa 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.

Qeyd edək ki, “Cəhənnəm sakinləri” tamaşası Akademik Milli Dram Teatrının repertuarında yer alan ən uğurlu tamaşalardan biridir.

Mükəmməl rejissor quruluşu, mahir aktyor oyunu, özünəməxsus rəssam və bəstəkar işi ilə səhnə əsəri teatrsevərlər arasında böyük maraq yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.