REGİONLAR
“Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiyanın təqdimatı olub
Naxçıvan, 22 sentyabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın “Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiyasının təqdimatı keçirilib.
Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli ölkəmizdə elmin inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra elmin bütün sahələri üzrə ardıcıl və sistemli tədqiqatlar aparılır, elmi-tədqiqat işlərinin nəticələri respublika və beynəlxalq səviyyəli elmi nəşrlərdə işıq üzü görür. Alim rəhbərlik etdiyi institutun fəaliyyəti dövründə 80-ə yaxın kitab, monoqrafiya, dərslik və dərs vəsaitlərinin işıq üzü gördüyünü deyərək qeyd edib ki, “Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiya da yüksək səviyyədə yazılmış və müasir dövr üçün aktuallığı ilə diqqəti cəlb edən tədqiqat əsərlərindən biridir.
Fəxrəddin Səfərli vurğulayıb ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan xalqının real həyat tərzini özünəməxsus tərzdə əks etdirən görkəmli ədibin yaradıcılığında təsvir edilən ailə-məişət adətləri, sənətkarlıq sahələri, təsərrüfat həyatı məsələləri kitabda etnoqrafik baxımdan tədqiqata cəlb olunub.
Sonra institutun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” monoqrafiyası haqqında bir neçə söz” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycan yazıçı və şairlərinin yaradıcılığında etnoqrafik məsələlərin tədqiqinin xalqımızın milli-mənəvi dəyərlərini, tarixini öyrənmək baxımından qiymətli material verdiyini söyləyib. Qeyd edib ki, giriş, üç fəsil və nəticədən ibarət olan tədqiqat əsərində Cəlil Məmmədquluzadə yaradıcılığında geniş təsvir edilən mənəvi mədəniyyətimizin bir çox cəhətlərinin sistemləşdirilməsi və müqayisəli təhlili qədim adət-ənənələrimiz haqqında geniş məlumat almağa imkan yaradır. Monoqrafiyada aparılan tədqiqatın nəticəsi olaraq müəllif göstərir ki, xalqımızın ailə-məişət ənənələri ictimai-iqtisadi formasiyaların bir-birini əvəz etməsindən asılı olaraq dəyişib inkişaf etsə də, XIX əsrin sonu - XX əsrin əvvəlləri ilə yeni dövrün ailə-məişət xüsusiyyətləri arasında varislik ənənələri qorunub saxlanılıb. Müəyyən edilib ki, xalqımız üçün xarakterik olan adət-ənənələr və inamların yayılma arealı Azərbaycanın digər bölgələri ilə eynilik təşkil edir.
Daha sonra institutun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva və kiçik elmi işçi Səbuhi Həsənov əsərin elmi dəyərindən danışıblar.
Sonda çıxış edən monoqrafiyanın müəllifi göstərilən diqqətə görə minnətdarlığını bildirib.