REGİONLAR
Cəlil Məmmədquluzadənin anadan olmasının 149 illiyi qeyd edilib
Naxçıvan, 23 fevral, AZƏRTAC
Cəlil Məmmədquluzadə ədəbiyyat və ictimai fikir tariximizə qüdrətli dramaturq və vətəndaş, yazıçı-publisist, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi kimi daxil olub. Qüdrətli sənətkarın əbədiyaşar zəngin irsi dünən, bu gün və gələcək nəsillər üçün müstəqillik, Azərbaycançılıq, millilik və vətəndaşlıq nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyində böyük yazıçının anadan olmasının 149 illiyi ilə bağlı keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə muzeyin direktor əvəzi Kəmalə Tahirova çıxış edərək bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Cəlil Məmmədquluzadə irsinə, onun əsərlərinin tədqiqi və nəşri məsələlərinə böyük diqqət və qayğı göstərib. Məhz Ümummilli Liderin ölkəmizdə hakimiyyəti illərində Cəlil Məmmədquluzadə haqqında yeni və sanballı tədqiqat əsərləri kütləvi şəkildə nəşr olunub, xatirəsinin əbədiləşdirilməsi üçün böyük işlər görülüb.
Sonra muzeyin bələdçisi Səadət Qasımova böyük yazıçının bədii yaradıcılığından və ictimai fəaliyyətindən söhbət açıb.
Tədbirdə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin şagirdləri Cəlil Məmmədquluzadənin satirik şeirlərini bədii qiraət edib, felyetonları və hekayələrindən ibarət səhnəciklər göstəriblər.
Sonda muzeyin ekspozisiyasına və sərgiyə baxış olub.