CƏMİYYƏT


Cəlil Xəlilov: Azərbaycan hərbçilərinin beynəlxalq yarışlarda qazandıqları nəticələr ordumuzun yüksək peşəkarlığının göstəricisidir

Bakı, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 4-də Moskva ətrafında yerləşən “Patriot” parkında “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının təntənəli bağlanış mərasimi keçirilib. Azərbaycan hərbçiləri bu yarışlar çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu”, İranda “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edərək əsl peşəkarlıq sərgiləyiblər.

AZƏRTAC xəbər verir ki, bununla bağlı açıqlama verən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini,ehtiyatda olan polkovnik Cəlil Xəlilov bu təlimlərin ordumuzun peşəkarlığının artırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib. O qeyd edib ki, hərbi təlimlər ordumuzun döyüş hazırlığının daim yüksək səviyyədə qorunub saxlanılması və daha da təkmilləşdirilməsi baxımından önəmlidir. Bu baxımdan ordumuzun “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarında iştirakı olduqca vacibdir. Azərbaycan dünyanın müxtəlif yerlərində keçirilən hərbi yarışlarda, beynəlxalq ordu oyunlarında müntəzəm iştirak edir. İstər Rusiya, Qazaxıstan və digər post-sovet ölkələrində, istərsə də Türkiyə və digər NATO dövlətlərində keçirilən təlimlərdə Azərbaycan hərbçiləri iştirak edərək yüksək nəticələr qazanırlar. Bu təlimlərdə hərbçilərimizin əldə etdiyi nəticələr Azərbaycan Silahlı Qüvvələrinin gücündən, onun peşəkarlığından xəbər verir və bizdə haqlı olaraq ordumuzla qürur duyuruq.

Polkovnik vurğulayıb ki, Azərbaycan Ordusu dəniz təlimlərində də mütəmadi iştirak edir, bu sahədəki hərbi yenilikləri sürətlə mənimsəyir. “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində hərbçilərimiz İranda “Dəniz kuboku” yarışlarında da yüksək peşəkarlıq nümayiş etdirib. Ordumuzun “Dəniz kuboku” yarışlarındakı qazandığı nəticə ölkəmizin dəniz sərhədləri təhlükəsizliyinin ciddi şəkildə qorunduğunu bir daha göstərdi. Azərbaycan Silahlı Qüvvələrinə daxil olan bütün qoşun növləri, hərbi birliklər yüksək döyüş hazırlığına malikdir və bu hazırlığın qorunub saxlanılmasına, daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.

Azərbaycan Ordusunun beynəlxalq müsabiqə və ordu oyunlarında əldə etdiyi yüksək nəticələrdən Ermənistan və onun havadarlarının da dərs çıxarmalı olduğunu bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini deyib: “44 günlük Vətən müharibəsində ordumuzun əldə etdiyi parlaq zəfər onun yüksək döyüş hazırlığına əyani sübut idi. Bu günlərdə keçirilən ordu oyunlarında qazanılan nəticələr də həmin döyüş hazırlığının uğurla qorunub saxlanıldığını göstərir. Hesab edirəm ki, ordumuzun beynəlxalq hərbi yarışlarda göstərdiyi nəticə bu gün də təxribatlardan əl çəkmək istəməyən Ermənistan və onun havadarlarına dərs olmalıdır. Ordumuzun bu təlimlərdəki nəticələri bir daha “Dəmir yumruğ”un yerində olduğunu, düşmənlərə hər zaman zərbə endirməyə hazır olduğunu göstərir. Əgər Ermənistan Azərbaycan tərəfinin xəbərdarlıqlarından nəticə çıxarmasa, 10 noyabr bəyanatının icrasına süni şəkildə problem yaratmaqda davam etsə, o zaman bu zərbə qaçılmaz ola bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.