CƏMİYYƏT


Cəlil Xəlilov: Azərbaycanda hər bir vətəndaşın təhlükəsizliyi yüksək səviyyədə qorunur

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycanın yeni “Qlobal Terrorçuluq İndeksi”ndə mövqeyini yaxşılaşdıraraq 98-ci yeri tutması böyük nailiyyətdir. Bu, həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə terror təhlükəsinin olmamasının bariz göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov söyləyib.

Hüquq-mühafizə və xüsusi xidmət orqanlarının ölkəmizin təhlükəsizliyinin təmin edilməsi istiqamətində yorulmadan çalışdıqlarını diqqətə çatdıran ehtiyatda olan polkovnik deyib: “Azərbaycanda hər bir vətəndaşın təhlükəsizliyi yüksək səviyyədə qorunur. Ölkəmizdə sarsılmaz ictimai-siyasi sabitlik hökm sürür və hər hansı terror təhlükəsi yoxdur. Bu gün Azərbaycanda terror təhlükəsinin olmamasının bir neçə səbəbi var. Bunlardan biri də xalqın həmrəyliyidir. Çünki Azərbaycan xalqı heç zaman təxribatlara uymur, dövlətlər arasında nifaq salmaq siyasətinə sərt şəkildə etiraz edir.

Digər səbəb Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli daxili və xarici siyasət nəticəsində bütün xalqların tolerant şəkildə yaşamasıdır. Ölkəmizdə azərbaycanlılarla yanaşı, digər millətlərin nümayəndələri də bərabər hüquqlara malikdir. Bütün bunlarla yanaşı, hüquq-mühafizə orqanlarının apardığı profilaktik tədbirlər Azərbaycanı terror təhlükəsindən qoruyan başlıca səbəblər arasındadır.

Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, Azərbaycanda terror təhlükəsinin qarşısını alan əsas amillərdən biri də ölkədə düzgün idarəetmə və təhlükəsizlik sisteminin olmasıdır. Bu sahədə işin yüksək səviyyədə qurulmasının nəticəsində belə təxribatların qarşısı dərhal alınır və hər hansı təhlükənin baş verməməsi istiqamətində lazımi tədbirlər görülür. Bütün bunlar ölkədə hökm sürən əmin-amanlıqdan, sabitlikdən xəbər verir.

C.Xəlilov vurğulayıb ki, Azərbaycanı narahat edən əsas məsələlərdən biri Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə terror aktlarının və təxribatların törədilməsi cəhdləridir. Bu gün Dağlıq Qarabağda erməni terror təşkilatları tərəfindən terrorçular hazırlanmaqla yanaşı, kriminal aləmdə tanınan insanların həmin ərazilərdə gizlənməsinə şərait yaradılır. Ən dəhşətlisi odur ki, onlar Ermənistanın maraqlarına xidmət edirlər. Bu azmış kimi, işğal altındakı torpaqlarımızda narkotik bitkilər yetişdirilir və digər qanunsuz miqrant fəaliyyətləri həyata keçirilir. Bu, həm Azərbaycan, həm də qonşu dövlətlər üçün ciddi təhlükə mənbəyidir. Dünya ölkələri buna birmənalı münasibət bildirməli, Ermənistandan ərazilərimizi azad etməsi tələb olunmalıdır.

Xatırladaq ki, İqtisadiyyat və Sülh İnstitutu tərəfindən hazırlanan “Qlobal Terrorçuluq İndeksi”ndə Azərbaycan mövqeyini yaxşılaşdıraraq 138 ölkə arasında 98-ci yeri tutub. İndeks ölkədə terrorçuluğun təsirini əks etdirir və sosial-iqtisadi şəraitin təhlilinə, həmçinin radikal cərəyanların yaranmasının geosiyasi amillərinə əsaslanır. Reytinqdə ilk yerləri terrorçuların fəaliyyəti və terrorizm təhdidinin daha yüksək olduğu, sonuncu yerləri isə daha aşağı olduğu ölkələr tutur. Azərbaycan siyahıda 98-ci yerdədir ki, bu da ölkədə ümumiyyətlə terror təhlükəsinin olmadığını göstərir. Bundan əvvəl ölkəmiz reytinqdə 95-ci idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.