CƏMİYYƏT


Cəlil Xəlilov: Azərbaycanda nizami, müasir və güclü ordunun yaradılması Heydər Əliyevin adı ilə bağlıdır

Bakı, 10 may, AZƏRTAC

Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycanın nizami, müasir və güclü ordusunun formalaşdırmasıdır. Azərbaycanda nizami ordunun yaradılması Heydər Əliyevin adı ilə bağlıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkən polkovnik qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan müstəqillik əldə etsə də, nizami ordu mövcud deyildi. Ayrı-ayrı silahlı dəstələr, yerli özünümüdafiə batalyonlarının hər biri öz imkanları daxilində erməni işğalına müqavimət göstərməyə çalışırdı. Nizami ordunun və vahid komandanlığının mövcud olmaması bu qüvvələri birləşdirməyə, düşmənə qarşı sistemli mübarizə aparmağa, hərbi əməliyyatları bir mərkəzdən idarə etməyə imkan vermirdi. Məhz bu səbəbdən də düşmən irəliləyir, Azərbaycan xalqına məxsus tarixi torpaqları zəbt edirdi.

Ulu Öndər nizami ordu formalaşdırmaqla bu problemi həll etdi. Bütün silahlı dəstələr, özünümüdafiə batalyonları nizami ordunun tərkibində birləşdi. Vahid komandanlıq yaradıldı. Ordunun ehtiyaclarının qarşılanması, onun maddi-texniki təminatının, silah təchizatının, peşəkarlığının artırılması istiqamətində ciddi addımlar atıldı. Qısa bir müddətdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda düşmənə layiqli cavab verən, onun hücum əməliyyatlarını dayandıran nizami ordu formalaşdırıldı.

Cəlil Xəlilov nizami ordunun formalaşmasında Heydər Əliyevin sovet dövründə yetişdirdiyi milli hərbi kadrların həlledici rol oynadığını vurğulayıb: “Təbii ki, nizami ordu quruculuğunun həyata keçirilməsi asan məsələ deyildi. Bunun üçün, ilk növbədə, peşəkar kadrlara ehtiyac duyulurdu. Bu məsələdə bir daha Ulu Öndərin uzaqgörənliyi öz sözünü dedi. Hələ sovet dönəmində Azərbaycanda hərbi məktəblər açan, o cümlədən azərbaycanlı gəncləri keçmiş SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil almağa göndərən Heydər Əliyev nizami ordu quruculuğu prosesində hərbi kadrlara olan ehtiyacı məhz həmin kontingent hesabına təmin edə bildi. Eyni zamanda, yüzlərlə gənc hərbi təhsil almaq məqsədilə dünyanın müxtəlif dövlətlərinə göndərildi. Bütün bu tədbirlər nəticəsində, müəyyən bir müddətdən sonra Azərbaycan Ordusunda hərbi kadrlara olan ehtiyac təmin edildi. Bu fakt sübut edir ki, Ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətləri sonsuz və əbədidir”.

Sədr müavini bildirib ki, sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər Azərbaycan Ordusunu dünyanın ən qüdrətli orduları sırasına çıxardı. Məhz bu ordu Qarabağ probleminin hərbi yolla həllinə nail oldu. Heydər Əliyevin ordu quruculuğu siyasəti sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu siyahısında qərarlaşıb. Vətən müharibəsində düşmənin 44 gün müddətində darmadağın edilməsi faktı Ali Baş Komandanın qurduğu ordunun gücünün ən böyük isbatıdır. Prezident İlham Əliyevin xalqımız, Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidməti erməni işğalına son qoyması, 8 noyabr Zəfəri ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsidir. Bu böyük zəfər bütün Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir və tarixə qızıl hərflərlə həkk olunacaq.

“8 noyabr Zəfərinin önəmi, sadəcə, torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmır. Bu qələbə Azərbaycan xalqının özünə olan inamının, mənəvi gücünün, tapdanmış heysiyyətinin bərpası demək idi. Bizə bu böyük sevinci, bu böyük qürur hissini Prezidentimiz yaşatdı. Xalqımız əmindir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yeni-yeni uğurlara imza atacaq, həm regionda, həm də beynəlxalq aləmdə nüfuzunu daha da gücləndirəcək. Veteranlarımız bu böyük, müqəddəs işdə bu günədək olduğu kimi, bundan sonra da Prezidentimizi dəstəkləməkdə davam edəcək, onun siyasətini qətiyyətlə müdafiə edəcəklər”, - deyə C.Xəlilov vurğulayıb.

Polkovnik əlavə edib ki, Vətən müharibəsində qazanılmış tarixi Zəfər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər xalqımızı, dövlətçiliyimizi məhv olmaqdan xilas edərək sabit inkişaf yoluna çıxaran ümummilli lider Heydər Əliyevin güclü, suveren Azərbaycan naminə başladığı və Prezident İlham Əliyevin müvəffəqiyyətlə başa çatdırdığı milli inkişafımızın taleyüklü, şanlı bir mərhələsidir. Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərindəki milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.