QAN YADDAŞI
Cəlil Xəlilov: Dünya ictimaiyyətindən Xocalıdakı qanlı cinayətə siyasi-hüquqi qiymət verməyi tələb edirik
Bakı, 25 fevral, AZƏRTAC
Erməni faşizminin Xocalıda törətdiyi vəhşiliklərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının da xüsusi rolu var. Bu gün biz bir daha gənclərimizin, beynəlxalq təşkilatların və ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirik ki, Xocalıda soyqırımı zamanı Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşilik törədilib, günahsız insanlar qətlə yetirilib və evlərindən didərgin salınıb. Ermənilərin əsas məqsədi Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi idi.
Bu fikirləri fevralın 25-də Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edən Respublika Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində deyib.
Cəlil Xəlilov qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın nizami hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücuma keçərək bir gecədə şəhəri yerlə-yeksan edib. Azərbaycanın tarixi şəhəri olan Xocalıda evlər, abidələr dağıdılıb. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, cəsədlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi.
Ehtiyatda olan polkovnik bildirib ki, bu qanlı cinayəti dərin kədər və nifrət hissi ilə xatırlayır, dünya ictimaiyyətindən bu qətliama biganə qalmamağı tələb edirik. Aparıcı dövlətlər, beynəlxalq təşkilatlar bu ağır cinayətə siyasi-hüquqi qiymət verməlidirlər. Ermənistan silahlı qüvvələri işğal altındakı Azərbaycan torpaqlarından geri çəkilməlidir.
Respublika Veteranları Təşkilatı bu istiqamətdə beynəlxalq veteranlar təşkilatları ilə sıx əməkdaşlıq edir. Təşkilatın Rəyasət Heyəti Dünya Veteranları Federasiyasına bəyanatla müraciət edib, bu qurumu ətraflı məlumatlandırıb. Yetmiş milyona yaxın üzvü olan Dünya Veteranları Federasiyasının Rəyasət Heyətində həmin hadisələr müzakirə edilib. Bu istiqamətdə işlər ardıcıl davam etdirilir.
Təşkilatın sədr müavini Xocalı şəhidlərinin xatirəsinin heç vaxt unudulmayacağını bildirib, bu qanlı cinayəti törədənlərin layiqli cəzalarını alacaqlarına əminliyini vurğulayıb.