CƏMİYYƏT


Cəlil Xəlilov: Ermənistan mina terroruna görə məsuliyyətə cəlb edilməlidir

Ermənistan bütün region üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır

Bakı, 3 avqust, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsi 2020-ci il noyabrın 10-da başa çatsa da, Ermənistanın hərbi-mülki şəxslərimizə qarşı mina terroru bu günədək davam edir. Yüzlərlə insan bu terrorun qurbanına çevrilib. Bu il avqustun 2-də minatəmizləmə işləri ilə məşğul olan şirkətin üç əməkdaşının Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi faktı, mina terrorunun bu gün də bütün şiddəti ilə davam etdiyini göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, Ermənistan tərəfinin həyata keçirdiyi mina terroruna beynəlxalq təşkilatların, dünyanın aparıcı dövlətlərinin səssiz qalması əsla başadüşülən deyil və birmənalı şəkildə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar və aparıcı dövlətlər bu məsələ ilə bağlı susqunluqlarına son qoymalı, Ermənistanın mina terroruna görə məsuliyyətə cəlb edilməsi istiqamətində konkret addımlara atmalıdırlar.

Baş verən son mina insidentlərinin Ermənistanın terrorçu dövlət siyasətinin dəyişmədiyini, rəsmi İrəvanın öz ənənəvi mahiyyətinə sadiq qaldığını göstərdiyini söyləyən hərbi ekspert deyib: “Vətən müharibəsindən sonra da Ermənistanın mina terrorunu davam etdirməsi, günahsız insanların ölümünə yol açması onun öz terrorçu mahiyyətindən imtina etmədiyini, bu gün də terror dövləti kimi fəaliyyət göstərdiyini göstərir. Baş verən mina hadisələri göstərir ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində deyil və yenə də terror, təxribat yolu ilə məkrli niyyətini reallaşdırmağa çalışır. Lakin rəsmi İrəvan anlamalıdır ki, Vətən müharibəsində Ermənistan ordusunu yerlə-yeksan edən Azərbaycan Ordusu, bundan sonra da erməni təxribatlarına adekvat cavab verəcək və erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcək”.

Sədr müavini bildirib ki, Ermənistan tərəfi Vətən müharibəsindən sonra Ağdamı, Laçını, Kəlbəcəri tərk etmək üçün Azərbaycan tərəfinin onlara yaratdığı şəraitdən sui-istifadə edib və bu əraziləri tərk etmək üçün verilən zamanda torpaqlarımıza yeni minalar basdırıb: “2020-ci il noyabrın 10-da kapitulyasiya sazişini imzalayan Ermənistan Ağdam, Laçın və Kəlbəcərdən çıxmaq üçün möhlət istədi. Azərbaycan tərəfi rəsmi İrəvanın bu istəyini təmin etdi. Lakin Ermənistan tərəfi bu imkandan da məkrli məqsədlə istifadə etdi. Onlar həmin müddətdə torpaqlarımıza çoxlu sayda yeni minalar basdırdılar. Hansı ki, ermənilərin vaxti ilə işğal altında saxladığı ərazilərdə basdırdıqları minaların sayının yüz minlərlə olduğu güman edilir. Bu minalar həm hərbçilərimiz, həm də mülki vətəndaşlarımız üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır. Azərbaycan dövləti həmin minaların yerinin müəyyənləşdirilməsi və zərərsizləşdirilməsi istiqamətində mühüm addımlar atsa da, işin miqyası olduqca böyükdür və xeyli vaxt tələb edir. Daha pisi isə bundan ibarətdir ki, Ermənistan öz terrorçu mahiyyətinə sadiqlik nümayiş etdirir və zaman-zaman yeni-yeni təxribatlara əl atır. Bu isə onu göstərir ki, Ermənistan bütün region üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır və bu təhdidin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyət, dünya və region dövlətləri Azərbaycana ciddi dəstək verməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.