CƏMİYYƏT
Cəlil Xəlilov: FHN-in yanğın-xilasetmə qüvvələri Türkiyədəki meşə yanğınlarına qarşı mübarizədə əsl fədakarlıq göstərir
Bakı, 4 avqust, AZƏRTAC
Türkiyədəki meşə yanğınlarına qarşı mübarizədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri əsl fədakarlıq göstərirlər. Bu, Azərbaycan-Türkiyə qardaşlığının daha bir bariz nümunəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov bildirib.
O deyib ki, Türkiyədə meşə yanğınları başlayan andan Azərbaycan hərəkətə keçib və Prezidentin göstərişinə əsasən, FHN-in bir qrup əməkdaşı, o cümlədən yanğınsöndürmə texnikası, təcili tibbi yardım avtomobili və digər nəqliyyat vasitələri qardaş ölkənin köməyinə göndərilib. İyulun 30-da Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola salınıb. Onlar qısa zamanda Türkiyənin Marmaris bölgəsində yanğınların söndürülməsinə cəlb ediliblər.
Cəlil Xəlilov FHN-in 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 ədəd tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci yanğın-xilasetmə qrupunun isə iyulun 31-də Türkiyəyə yola düşdüyünü xatırladaraq deyib: “Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi məsul vəzifəli əməkdaşlardan ibarət nümayəndə heyəti Marmaris bölgəsində olub, yanğının baş verdiyi ərazidə qüvvələrin işi ilə yerində tanış olub, aidiyyəti üzrə tapşırıqlar verib. Bunun ardınca Böhranların İdarə edilməsi Mərkəzində Azərbaycan FHN və yerli qüvvələrin təmsilçilərinin iştirakı ilə müşavirə keçirilib, həmin müşavirədə atılacaq növbəti addımlar müzakirə olunub. Həmçinin Azərbaycan qardaş ölkəyə həm də amfibiya təyyarəsi göndərib. Qeyd edək ki, FHN-in arsenalında olan yanğın əleyhinə "B-240ÇS" amfibiya təyyarəsi unikal keyfiyyətlərə malikdir. Bu təyyarə hərəkətdə ola-ola su ehtiyatı yığa bilir və sadəcə, dənizə eniş etməklə bir dəqiqə ərzində lazım olan su ehtiyatını toplayır. Azərbaycanlı yanğınsöndürənlər yanan evlərin birindən türk bayrağını xilas ediblər ki, bununla bağlı görüntülər həm ölkəmizdə, həm də qardaş Türkiyədə qürurla izlənib”.
C.Xəlilov qeyd edib ki, Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin fəaliyyəti, ümumilikdə dövlətimizin yanğınlara qarşı mübarizədə Türkiyəyə verdiyi dəstək rəsmi Ankara, eləcə də türk xalqı tərəfindən də yüksək qiymətləndirilməkdədir. Bu, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının daha bir bariz nümunəsidir. Baş verənlər bir daha göstərir ki, Azərbaycan və Türkiyə dövlətləri hər zaman bir-birinin yanındadır və bütün təhlükələrə, problemlərə birlikdə mübarizə aparmaq, bütün çətinliklərin öhdəsindən birlikdə gəlmək əzminə malikdirlər.