CƏMİYYƏT


Cəlil Xəlilov: Hərbi təlimlərin miqyası və keyfiyyəti Ordumuzun qüdrətindən və yüksək döyüş hazırlığından xəbər verir

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Ordusunun hərbi təlimlərinin miqyası və keyfiyyəti ordumuzun qüdrətindən, onun yüksək döyüş hazırlığından xəbər verir. Azərbaycana münasibətdə xoş məram sərgiləməyən qüvvələr bu təlimlərdən nəticə çıxarmalıdırlar.

Bu fikri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında deyib.

Mayın 16-da start verilən hərbi təlimlərin bir çox baxımdan mühüm əhəmiyyətə malik olduğunu vurğulayan C.Xəlilov bildirib: “Azərbaycan Ordusunun mayın 20-dək davam edəcək təlimləri hər şeydən öncə ordumuzun döyüş hazırlığının qorunub saxlanılması, onun döyüş qabiliyyətinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Çoxsaylı şəxsi heyətin cəlb edildiyi təlimlərdə ən müasir hərbi texnikanın döyüş şəraitində effektiv tətbiqi, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi və s. tapşırıqlar icra edilir ki, bu da zaman-zaman erməni faşizminin terror və təxribatları ilə üzləşən ölkəmizin təhlükəsizliyi baxımından olduqca önəmlidir. Bu cür təlimlər ordumuzun döyüş hazırlığının qorunub saxlanılması, onun çevikliyinin təmin edilməsi, sayıqlığının artırılması, peşəkarlığının yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir”.

Polkovnik qeyd edib ki, təlimlərdə müxtəlif qoşun növlərinin iştirakının təmin edilməsi də təqdirəlayiqdir. 44 günlük Vətən müharibəsi təcrübəsi birgə hərbi əməliyyatlar zamanı müxtəlif qoşun növləri arasında əlaqələrin uzlaşdırılması, döyüş tapşırıqlarının ustalıqla əlaqələndirilməsinin nə dərəcədə vacib olduğunu ortaya qoydu. Bildiyiniz kimi, Vətən müharibəsində bütün qoşun növləri iştirak etdi və hərbi komandanlıq bu qoşun növləri arasında uzlaşmanı uğurla təmin etdi. Nəticədə qısa müddət ərzində düşmən ordusu darmadağın edilərək işğal olunmuş ərazilərdən qovuldu. Ermənistan təslimçi bəyanat imzalamağa məcbur oldu. Odur ki, hərbi təlimlərdə müxtəlif qoşun növlərinin iştirakının həyata keçirilməsi olduqca vacibdir və hərbi baxımdan inkişaf etmiş bütün dövlətlərdə bu məsələyə xüsusi diqqət yetirilir.

C.Xəlilov Azərbaycan Ordusunun hərbi təlimlərindən düşmənlərin də nəticə çıxarmasının vacibliyini vurğulayaraq deyib: “Təbii ki, Azərbaycan sülhpərvər dövlətdir və onun keçirdiyi hərbi təlimlər hər hansı dövlətə qarşı yönəlməyib. Bununla belə, Azərbaycana münasibətdə səmimiyyət nümayiş etdirməyən, ona xoş məramla yanaşmayan, dövlətimizlə terror və təxribat dili ilə danışmaq istəyən qüvvələr bu təlimlərdən nəticə çıxarmalıdır.

2020-ci il 10 noyabr bəyanatından sonra Ermənistandakı bəzi revanşist qüvvələr təxribat xarakterli çağırışlar səsləndirməkdədir. Ordumuzun keçirdiyi hərbi təlimlər hər şeydən öncə bu cür gülünc və təxribatçı bəyanatlara layiqli cavabdır. Bu gün Ermənistanda revanş fikrinə düşənlər, Azərbaycana qarşı qisas əməliyyatına çağırış edənlər 44 günlük müharibədə Ermənistan ordusunun rüsvayçı məğlubiyyətini yada salmalı, bundan nəticə çıxarmalıdırlar. Onlar unutmamalıdırlar ki, yeni bir təxribat Ermənistan üçün daha faciəvi nəticələrə səbəb olacaq və tarixi Azərbaycan torpaqlarında formalaşdırılan Ermənistan tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.