CƏMİYYƏT


Cəlil Xəlilov: Silahlı Qüvvələrin hərbi paradı Azərbaycanın hərbi qüdrətini nümayiş etdirdi

Bakı, 27 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad Ordumuzun gücünü, taktiki-texniki imkanlarını bütün dünyaya bir daha nümayiş etdirdi. Ordumuzun nəyə qadir olduğunu son iki ildə yaxşı görmüş və lazımi dərsini almış düşmən hazırda sarsılmış durumdadır.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradın əhəmiyyətindən danışan Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib.

Cəlil Xəlilov deyib ki, paradda nümayiş etdirilən silah və hərbi texnika Azərbaycan Respublikasının hərbi gücünün tam təqdimatı deyildi. Çünki bu gün yalnız Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ümumilikdə 1200 adda hərbi təyinatlı məhsul istehsal edir. Buraya iqtisadi qüdrəti getdikcə artan, xarici əlaqələri genişlənən ölkəmizin hərbi əməkdaşlıq çərçivəsində əldə etdiyi müasir silah və texniki vasitələri də əlavə etsək, Ordumuzun imkanları barədə daha aydın təsəvvür yarana bilər. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, “Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”. Belə hərtərəfli imkanların yaradılması bir məqsədə - Azərbaycan Ordusunun döyüş qabiliyyətinin ildən-ilə yüksəldilməsinə, işğal altındakı torpaqlarımızın azad edilməsinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına xidmət edir.

“Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilən hərbi parad həm də xalqımızın öz ordusu ilə haqlı yerə qürur duymasının və ona inamının real əsaslara dayanmasının təsdiqinə çevrildi. Ali Baş Komandanın diqqət və qayğısı sayəsində güclənən Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri iki il əvvəl Aprel döyüşlərində qazandıqları qələbəni ötən ay bir daha təkrarlayaraq, Naxçıvanda 11 min hektara yaxın strateji ərazini işğaldan azad etdilər. Şərur rayonunun Günnüt kəndinin, onun ətrafındakı strateji yüksəkliklərin düşmən işğalından azad edilməsi hərbi qüvvələrimiz tərəfindən İrəvan-Gorus-Laçın-Xankəndi yolunun nəzarətə götürülməsinə şərait yaradıb. Azərbaycan əsgərinin yaxın vaxtlarda ermənilərin ərazimizdə qazdıqları başqa səngərlərdə də xidmət göstərəcəklərinə hamımız inanırıq”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb.

Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, təntənəli parad Azərbaycan Ordusunun hərbi qüdrətinin nümayişi olmaqla yanaşı, düşmənə verilən mesaj idi. Ermənilər bundan nəticə çıxarmalı, nəinki işğal altındakı Azərbaycan torpaqlarındakı, Ermənistandakı strateji hədəflərinin də məhv edilə biləcəyini başa düşməlidirlər. Xalq, Vətən qarşısındakı missiyasını ləyaqətlə yerinə yetirməkdə olan Ordumuzun istənilən vəzifəni icra etməyə qadir olduğunu düşmən də yaxşı bilir. Bunu nə qədər tez etiraf edib lazımi addımları atsalar, özlərini gələcək sarsıntılardan bir o qədər tez xilas edərlər. Hərbi paradın ən mühüm nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının xalqımıza və dünyaya çatdırılan mesajında tam dolğunluğu ilə ifadə edilib. “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. Yüksək səviyyədə hazırlanaraq keçirilən hərbi parad o günün uzaqda olmadığının ən parlaq nümayişidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.