REGİONLAR
Cəlilabad Dövlət Peşə Tədris Mərkəzinin maddi-texniki bazası möhkəmləndirilir VİDEO
Cəlilabad, 27 noyabr, Bağır Əliyev, AZƏRTAC
Əmək bazarı üçün ixtisaslı kadrların hazırlanması məqsədi ilə Cəlilabad Dövlət Peşə Tədris Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədris müəssisəsində beşmərtəbəli yeni yataqxana binasının əsaslı təmirinə başlanılıb. Mərkəzdə inzibati tədris və yardımçı binalar da tikiləcək.
Layihəyə əsasən burada dörd mərtəbədən ibarət 1000 yerlik tədris korpusunun inşası planlaşdırılır. Bundan başqa, mərkəzdə təhsil alan tələbələrin peşələrə praktik yiyələnməsi məqsədilə istixana, heyvandarlıq kompleksləri və ikimərtəbəli emalatxananın inşası da nəzərdə tutulur.
Ölkəmizin cənub bölgəsində ilk dəfə Cəlilabad rayonunda reallaşdırılan layihə Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının dövlətimizlə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Mərkəzdə işləyən müəllimlərin peşəkarlığının artırılması və peşə təhsilində ən son innovativ yeniliklərin mənimsənilməsi məqsədilə 5 nəfərdən ibarət müəllim heyəti Türkiyədəki peşə təhsil müəssisəsində biraylıq təlimlərdə iştirak edib, daha 2 müəllim isə yaxın günlərdə bu məqsədlə İsraildə səfərdə olacaq.
Layihənin icrası iki il müddətində başa çatacaq.