REGİONLAR
Cəlilabad Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib
Cəlilabad, 29 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 29-da Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Konfransda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının, həmçinin hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra çıxış edənlər ölkəmizin, o cümlədən Cəlilabad rayonunun ictimai-siyasi həyatında ağsaqqalların əməyini yüksək dəyərləndiriblər. Qeyd olunub ki, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsi və məsləhəti xüsusi əhəmiyyət kəsb edir. Xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ən ali həyat məramı olub.
Konfransda Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərovun hesabat məruzəsi dinlənilib.
Respublika Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanova çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb. Diqqətə çatdırılıb ki, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunmasında ağsaqqallara hər zaman böyük ehtiyac duyulur.
E.Süleymanova ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Konfransda Cəlilabad Rayon Ağsaqqallar Şurasının Nizamnaməsi təsdiq edilib. Ədalət Əsgərov yenidən Şuranın sədri seçilib. Həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə heyətinin və Təftiş Komissiyasının yeni tərkibi təsdiq olunub.