REGİONLAR
Cəlilabad Rayon Polis Şöbəsində Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Cəlilabad, 17 may, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsində Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Toplantıda çıxış edən Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev Laçın rayonunun Azərbaycanın füsunkar guşələrindən biri olduğunu və işğalçı Ermənistanın hərbi təcavüzü ilə başlanmış Dağlıq Qarabağ münaqişəsinin elə ilk günlərindən bu rayonun hədəfə çevrildiyini bildirib.
Qeyd olunub ki, işğal zamanı 13745 yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 1 avtonəqliyyat, 30 rabitə və digər müəssisələr talan edilib. Ata-baba yurdlarını müdafiə edən laçınlılardan 267 nəfəri şəhid olub, 5 nəfəri isə Milli Qəhrəman adına layiq görülüb.
Anım tədbirində çıxış edən tarixçilər və ziyalılar erməni faşizminin xalqımıza qarşı törətdikləri cinayətlərin insanlığa sığmayan vəhşilik olduğunu bildiriblər.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasət nəticəsində torpaqlarımızın tezliklə azad olunacağına əminliklərini ifadə ediblər.