REGİONLAR
Cəlilabad Rayon Polis Şöbəsində Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
Cəlilabad, 8 may, Bağır Əliyev, AZƏRTAC
Azərbaycanın dilbər guşələrindən olan Şuşanın işğalının 27-ci ildönümü ilə əlaqədar Cəlilabad Rayon Polis Şöbəsində anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon polis şöbəsinin şəxsi heyəti, Şuşa şəhərindən olan məcburi köçkünlər, ağsaqqallar və tarixçilər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev tədbirdə çıxış edərək bildirib ki, əsrlərdən bəri “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər Azərbaycan torpaqlarına sahib olmaq, öz məkrli niyyətini həyata keçirmək üçün tarixdə görünməmiş cinayət və vəhşiliklərə, kütləvi qırğınlara, vandalizmə əl atıblar. Görkəmli ziyalılarımızın və tarixi şəxsiyyətlərimizin doğulduğu Şuşa şəhəri zəngin mədəni irsin beşiyi sayılıb. Azərbaycanın bu qədim, zəngin tarixə malik şəhəri 1992-ci ilin mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, 20 mindən artıq sakin isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Lakin bu gün hər kəs bilir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, üçrəngli bayrağımız Şuşada, Xankəndində dalğalanacaq.
Tədbirdə çıxış edənlər XX əsrin sonunda müasir dünyanın gözü qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıblar. Təəssüflə vurğulanıb ki, dünya ictimaiyyəti hələ də bu münaqişənin həllində qətiyyətli mövqe nümayiş etdirmir.