REGİONLAR
“Cəlilabad” komandası Respublika turnirinin voleybol üzrə zona yarışlarının qalibi olub
Astara, 8 iyun, Bağır Əliyev, AZƏRTAC
Astara Olimpiya İdman Kompleksində Gənclər və İdman, Təhsil nazirlikləri, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmələr arasında Respublika turnirinin voleybol üzrə IV zona yarışları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan və iki gün davam edən yarışda Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarını təmsil edən yeniyetmələrdən ibarət komandalar qələbə uğrunda mübarizə aparıblar.
“Təhsil” Respublika İdman Mərkəzinin təyin etdiyi hakimlər heyəti tərəfindən idarə edilən oyunlar Olimpiya sistemi üzrə keçirilib.
Zona yarışlarının yekun nəticələrinə əsasən “Cəlilabad” komandası birinci, “Masallı” komandası ikinci, “Lənkəran” komandası üçüncü yerlərə layiq görülüblər.
Qaliblərə diplomlar təqdim olunub.