REGİONLAR
Cəlilabad rayonunda 14 yaşayış məntəqəsini əlaqələndirən yollar yenidən qurulur VİDEO
Bakı, 31 may, AZƏRTAC
Cəlilabad rayonunda 14 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yolları əsaslı şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ümumi uzunluğu 36.2 kilometr, eni ortalama 10 metr olan yolların örtüyü əsasən torpaq əsaslı olub. Bu səbəbdən kəndlərarası yollar nəqliyyatın və vətəndaşların rahat hərəkətində problemlərə səbəb olurdu.
Məlumata əsasən, uzunluğu 5.5 kilometr olan Şiləvəngə-Adnalı-Bədirli yolu hissəsində torpaq işləri və suötürücü boruların quraşdırılması artıq yekunlaşıb. Hazırda yol əsasının alt layının tikintisi aparılır. Həmçinin 2.5 kilometrlik Təklə-Abazallı, 28.2 kilometr uzunluğa malik Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı və Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı kənd yollarının 20 kilometrlik hissəsində isə torpaq işləri yerinə yetirilib, hazırda suötürücü boruların inşası davam edir.
Yolun Təklə kəndi ərazisində yerləşən mövcud 54 metrlik 3 aşırımlı körpü də layihə üzrə təmir olunur.
Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən, texnoloji ardıcıllığa riayət olunmaqla keyfiyyətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub.
Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Beləliklə, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yollar bundan sonra ərazidə yaşayan 14 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.