REGİONLAR
Cəlilabad rayonunun Adnalı kəndinə ilk dəfə təbii qaz verilib VİDEO
Cəlilabad, 18 avqust, Bağır Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq avqustun 18-də Cəlilabad rayonunun Adnalı kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, 426 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 24 min 573 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 426 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmiləri, "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, kənd sakinləri, və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib. Rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən layihələrdən söz açan Ə.Əzizov Cəlilabadda daha 10 kəndin qazlaşdırılması istiqamətində işlərin davam etdirildiyini, yaxın gələcəkdə rayonda 22 yaşayış məntəqəsinin də “mavi yanacaq”la təmin olunmasının nəzərdə tutulduğunu bildirib.
Kənd sakinləri onların yaşayış səviyyəsinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.