REGİONLAR
Cəlilabad rayonunun Qamışlıgöl və Sadatlı kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur
Bakı, 8 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Cəlilabad rayonunun Qamışlıgöl və Sadatlı kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.
ASC-dən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində 84 abonenti olan Qamışlıgöl kəndində 3 ədəd komplekt transformator məntəqəsi tikiləcək. 14 kilometrdən çox 10 kV-luq, 6 kilometrə yaxın 0,4 kV-luq elektrik xətti yenilənəcək.
Cəlilabadın Sadatlı kəndində də yenilənmə işlər davam etdirilir. 80 abonenti olan kənd ərazisində 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 5 kilometrdən çox 10 kV-luq, 4 kilometrə yaxın 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək.
Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.
Cəlilabad rayonunun Qamışlıgöl və Sadatlı kəndləri ilə yanaşı, rayonun Albalan, Xəlilli, Güneyli, Allahverən, Məşədilər, Novruzallı, Məlikqasımlı və Yusublu kəndlərində də yenidənqurma işləri davam edir.
İşlər yekunlaşdıqdan sonra ümumilikdə 800-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.