CƏMİYYƏT
Cəlilabad və Gədəbəy rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib
Bakı, 30 sentyabr, AZƏRTAC
Cəlilabad və Gədəbəy rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində Masallı rayon sakini Ş.Dadaşovun idarə etdiyi “Mercedes” markalı avtomobil yol kənarındakı su kanalına aşıb. Nəticədə avtomobildəki sərnişin - Masallı rayon sakini Emin Əlibəyli hadisə yerində ölüb. Xəsarət alan sürücü və üç sərnişin isə xəstəxanaya yerləşdirilib.
Gədəbəy rayonunun Qaraməmmədli kəndi ərazisində yolu keçən Qurudərə kənd sakini Söhbət Rəhimova İnəkboğan kənd sakini S.Bayramov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə vurulub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.