REGİONLAR
Cəlilabad və Masallı rayonlarında yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb
Cəlilabad-Masallı, 3 dekabr, Bağır Əliyev, AZƏRTAC
Polis əməkdaşlarının Cəlilabad və Masallı rayonlarında keçirdiyi müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş daha 2 nəfər sakinin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad rayon sakini Mülayim Seydanova və Masallı rayonunun Səmidxan kənd sakini Əli Məlikova koronavirus infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.
Masallı və Cəlilabad Rayon Polis şöbələrinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və M. Seydanov Cəlilabad şəhəri ərazisində, Ə.Məlikov isə Masallı rayonunun Səmidxan kəndindəki uşaq bağçasının qarşısında aşkarlanaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.
Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.