CƏMİYYƏT
Cəlilabadda 38 baş iribuynuzlu mal-qaranı oğurlayaraq satan şəxslər saxlanılıblar VİDEO
Bakı, 5 avqust, AZƏRTAC
Cəlilabad rayonu ərazisində silsilə mal-qara oğurluqları törədən dəstənin üzvləri polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayonun Günəşli kənd sakini Vaqif Həsənov polis şöbəsinə müraciət edərək ona məxsus altı baş camışın kəndin Mahmudçala adlanan ərazisində naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakinləri Fəday Ağayev və Şəmistan Nəhmətov rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində tutulublar. Araşdırma zamanı oğurlanan iribuynuzlu mal-qaranın dəstə üzvləri tərəfindən Cəlilabad rayon sakini Əlixas Hüseynova məxsus yük maşını ilə Bərdə rayonundakı mal bazarına aparıb satdıqları məlum olub. Əməliyyat zamanı Ə.Hüseynov da tutulub və saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər.
Onlarla bağlı əlavə əməliyyat tədbirləri zamanı həmin şəxslərin müxtəlif vaxtlarda Biləsuvar rayon sakini Balaşükür Mikayılova məxsus 11 baş camış, Cəfərxanlı kənd sakini Əsədxan Həşimovun dəyəri 14 min manat olan beş baş inəyini, Şükürlü kənd sakini Nürəddin Sadıqova məxsus doqquz baş iribuynuzlu heyvanı və İbadət Nuriyevin yeddi baş inəyini oğurladıqları da məlum olub.
Faktlarla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar və əməliyyat tədbirləri davam etdirilir.