REGİONLAR


Cəlilabadda 400 hektara yaxın sahədə qarğıdalı əkilib VİDEO

Cəlilabad, 18 avqust, İsmayıl Cəfərli, AZƏRTAC

Bu il Cəlilabadda yazlıq və təkrar əkinlər üzrə ümumilikdə 400 hektaradək sahədə qarğıdalı əkilib.

AZƏRTAC xəbər verir ki, dənli bitkilər içərisində qarğıdalı qiymətli ərzaq və yem bitkisidir. Bitkinin payızlıq buğda və arpa əkinindən sonra təkrar əkini aparıldıqda, vahid sahədən il ərzində iki dəfə məhsul götürmək olur. Təcrübəli fermer İman Quliyevin sözlərinə görə, qarğıdalı vegetasiya müddətində çox su tələb edən bitkidir. Hava şəraitindən asılı olaraq vegetasiya müddətində 3-4 dəfə suvarılmalıdır. Lakin builki yay mövsümü quraq keçdiyindən suvarmada problemlər yaranır. Bu isə vegetasiya müddətində qarğıdalı bitkisinə də təsirsiz ötüşmür.

Fermer İman Quliyev: “Bu sahədə əvvəl taxıl əkilmişdi. Taxılı biçəndən sonra qarğıdalı əkmişik. Torpaqdan səmərəli istifadə edirik. Dövlətin dəstəyi çoxdur, subsidiya, kredit verilir. Amma suvarmada çətinliyimiz olur. Suvarmada problem həll olunarsa daha çox sahədə əkin apararam”.

Digər fermer Cəmaləddin Əhmədov həm də heyvandarlıqla məşğuldur. Deyir ki, yem tədarükü ilə bağlı hər il təkrar əkin kimi qarğıdalı əkir. Bu il qarğıdalını may ayının sonunda əkib. Sahəyə lazımi qulluq göstərib. İndi bitki barvermə ərəfəsindədir: “Hər il əkirəm, bu il də 5 hektar sahədə əkmişəm. İstəyirəm növbəti ilə əkin sahəsini 15-20 hektar artıram. Ümumiyyətlə qarğıdalı bizim üçün sərfəlidir. Onun toxumunu götürürük, qalan hissəsini isə doğratdırıb anbara vururuq ki, qışda heyvanlar üçün yem kimi istifadə edək”.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, rayonda arpa biçinindən sonra 500 hektar sahədə təkrar əkin kimi qarğıdalı əkiləcəyi proqnozlaşdırılırdı. Lakin suvarmada yaşanan problemlərlə əlaqədar həmin ərazilərdə əkin aparılmayıb. Buna baxmayaraq, hər il olduğu kimi, bu il də rayonun Muğan, Kazımabad, Privolnoye, Göytəpə ərazilərində 400 hektaradək sahədə təkrar qarğıdalı əkini aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.