REGİONLAR
Cəlilabadda 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib
Cəlilabad, 21 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində 2019-2020-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib.
Xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən görüşdə Cəlilabad Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin rəhbərləri, qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Görüşdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Son illər ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər, həyata keçirilən irimiqyaslı layihələr dövlətin təhsilin inkişafına göstərdiyi qayğının bariz nümunəsidir.
Diqqətə çatdırılıb ki, hər il ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan cəlilabadlı abituriyentlərin sayının artması rayon təhsilinin inkişafından xəbər verir.
Tələbə adını qazanmış məzunlar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda bu il ali məktəblərə qəbul imtahanları zamanı 600-dən yuxarı bal toplayan 11 nəfərə Cəlilabad Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələr təqdim olunub.