REGİONLAR
Cəlilabadda Beynəlxalq Tolerantlıq Günü qeyd olunub
Cəlilabad, 16 noyabr, Bağır Əliyev, AZƏRTAC
Noyabrın 16-da Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbirdə çıxış edərək bildirib ki, Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edilib.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Ə.Əzizov ölkəmizin dünyada tolerantlıq örnəyi kimi tanındığını diqqətə çatdırıb.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun əməkdaşı Sakit Hüseynov çıxış edərək, dünyanın müxtəlif ölkələrində mövcud olan tolerant və multikultural dəyərlərdən danışıb. O, respublikamızdakı tolerant və multikultural dəyərlərin bir sıra ölkələrdə dərs vəsaitinə salınaraq tədris edildiyini bildirib.
Çıxış edənlər Azərbaycanda müxtəlif xalqların nümayəndələrinin və ayrı-ayrı dinlərə mənsub insanların bir ailə kimi yaşadığını, dini və milli tolerantlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıblar.