REGİONLAR
Cəlilabadda “Dəmir yumruq” əməliyyatı şagirdlərin gözü ilə” rəsm müsabiqəsinə yekun vurulub
Cəlilabad, 19 yanvar, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin həyata keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin qalibi olmuş “Dəmir yumruq” əməliyyatı şagirdlərin gözü ilə” layihəsi çərçivəsində rəsm müsabiqəsinə yekun vurulub.
Bu münasibətlə keçirilən tədbirdə Cəlilabad Rayon Təhsil Şöbəsinin, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi, müəllimlər, valideynlər, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 4 nominasiya üzrə keçirilən müsabiqənin final mərhələsində 38 şagird iştirak edib. Münsiflər heyətinin qərarı ilə qaliblər müəyyən olunub.
“Ən yaxşı sulu boya işi” üzrə nominasiyada Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Günel Əmənova birinci, həmin məktəbin şagirdləri Jalə Fərəcova ikinci, Rüqəyya Qasımova üçüncü yerə layiq görülüblər.
“Ən yaxşı qrafika işi” nominasiyasında şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri Dəniz Kazımova birinci, Xatun Xəlilli ikinci, Səbinə Şükürova üçüncü yerə sahib olublar.
“Ən yaxşı yağlı boya” nominasiyasında Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbin şagirdi Fidan Əliyeva, şəhər 1 nömrəli məktəb-liseyin şagirdi Xumar Təhməzli və şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Uğur Quliyev fərqləniblər.
“Aşağı yaş qrupu” nominasiyasında Cəlilabad şəhər 3 nömrəli ümumi orta məktəbin şagirdi Məryəm Turabova, şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Yusif Bəhmənli və şəhər 7 nömrəli tam orta məktəbin şagirdi Murad Nəzərli müvafiq olaraq birinci, ikinci və üçüncü yeri tutublar.
Qaliblərə rəssamlıq alətləri və diplomlar təqdim olunub.
Müsabiqə iştirakçıları isə fəxri fərmanlarla mükafatlandırılıblar.